ABŞ dünya silah ixracının 43 faizinə nəzarət edir


ABŞ hazırda dünya silah ixracının 43 faizinə nəzarət edir ki, bu da rekord göstərici sayılır.
Yeniavaz.com
BMG agentliyinə istinadən xəbər verir ki, bu artımın əsas səbəblərindən biri NATO üzvü olan ölkələrə və Yaxın Şərq dövlətlərinə genişmiqyaslı silah satışıdır.
Xüsusilə “F-35” qırıcı təyyarələri və “Patriot” hava hücumundan müdafiə sistemlərinə tələbat əhəmiyyətli dərəcədə artıb.
Digər mühüm amil isə Rusiyanın qlobal bazardakı payının azalmasıdır. Analitiklərin fikrincə, Moskva artıq həm daxili ehtiyaclarını qarşılamaq, həm də ixracı davam etdirmək üçün kifayət qədər hərbi resurslara malik deyil. Bu isə Vaşinqtona əvvəllər Rusiyanın təsiri altında olan bazarlarda, xüsusilə Hindistan və Cənub-Şərqi Asiya regionunda mövqelərini gücləndirmək imkanı yaradıb.
Ekspertlər qeyd edir ki, ABŞ silah ixracının təxminən yarısı Avropa ölkələrinin payına düşür. Bu göstərici 2021-ci ildən bəri iki dəfə artıb və bu artım əsasən Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirilir.
ABŞ hərbi sənayesində aparıcı mövqeləri “Lockheed Martin”, “Raytheon”, “Northrop Grumman” və “Boeing” kimi iri şirkətlər tutur. Bu şirkətlər son illərdə rekord satış və gəlir göstəricilərinə nail olublar.
ABŞ Prezidenti Donald Tramp isə hərbi istehsalın inkişafının ölkənin strateji prioritetlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ gələcəkdə də bu bazarda dominant mövqeyini qorumağa çalışacaq.
Bununla yanaşı, qeyd olunur ki, ABŞ ən yüksək texnologiyalı silah sistemlərini ixrac etmir. Bu səbəbdən “B-2 Spirit”, “F-22 Raptor” və “Gerald R. Ford” sinifli təyyarədaşıyan kimi qabaqcıl hərbi texnologiyaların digər ölkələrin arsenalında yer alması gözlənilmir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top