
İran və Rusiya donanmaları Oman körfəzində və şimali Hind okeanında birgə təlimlər keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran və Rusiya dövlət mediası məlumat yayıb.
Baltik Donanmasının “Stoikiy” korveti 14 fevraldan bəri Hörmüz boğazındakı Bəndər Abbas limanındadır. Bir gün əvvəl donanmanın mətbuat xidməti “Stoikiy”in İran Donanmasının gəmiləri ilə birlikdə Oman körfəzində “Passex” dəniz təlimi keçirdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi Rusiya gəmisinin manevrlərinin videosunu yayımlayaraq “Rusiya və İran donanmasının şəxsi heyəti mülki gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərəkətlərini sinxronlaşdırıb” - deyə bildirib.
Qeyd edək ki, təlimlər İran və ABŞ arasında münasibətlərdə gərginlik fonunda keçirilir. Vaşinqton və Tehran nüvə sazişi üzrə danışıqlar aparmağa çalışırlar. İran rəsmiləri hətta danışıqlarda irəliləyiş olduğunu iddia edirlər, ABŞ isə Yaxın Şərqdə hərbi qüvvə toplayır.
Tətbiqimizi yükləyə bilərsiniz