Qəbul imtahanlarına qeydiyyat başlayır – Qaydalar


Bu gündən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanlarının qeydiyyatı başlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərində aparılacaq.
Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona üzrə 9 və 15 mart tarixlərində, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq.
Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi isə aprelin 19-da keçiriləcək.
Bəs imtahanda iştirak etmək istəyən abituriyentlər və əvvəlki illərin məzunları qeydiyyatdan necə keçə bilərlər?
Yeniavaz.com DİM-ə istinadən bildirir ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu aşağıdakı qaydada aparılır:
Abituriyentlər “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.
Qəbul imtahanlarında iştirak bəzi hallarda ödənişlidir. İlk dəfə müraciət edən abituriyentlərin cari ildə keçirilən qəbul imtahanında iştirakı dövlət büdcəsi hesabına qarşılanır. Digər abituriyentlər isə tələb olunan məbləği şəxsi kabinetlərinə əlavə edərək ərizəni təsdiqləyirlər.
Ali məktəblərə qəbul I–IV ixtisas qrupları üzrə iki mərhələdə keçirilir. İkinci mərhələ həm yaz, həm də yay sessiyasında təşkil olunur və abituriyentlər hər iki imtahanda iştirak edə, həmçinin fərqli ixtisas qruplarını seçə bilərlər.
Abituriyentlər eyni zamanda həm ali təhsil müəssisələrinə, həm də orta ixtisas təhsili müəssisələrinə müraciət edə bilərlər. Bunun üçün ərizədə müvafiq seçimlər qeyd olunmalıdır.
Orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul üçün də qeydiyyat eyni qaydada aparılır. Cari ilin məzunları qəbul imtahanı vermir, buraxılış imtahanının nəticələri ilə müsabiqədə iştirak edirlər. Digər hallarda isə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə imtahan verilir.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top