
İranda keçən ilin dekabrından bu ilin yanvarına qədər davam edən aksiyalarda iştirak edən etirazçılara qarşı ən azı 23 min cinayət işi açılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Farda” radiosu İranın məhkəmə rəsmisinə istinadla məlumat yayıb.
Məhkəmə rəsmisi İranın bütün əyalətlərində həbslərin baş verdiyini bildirib.
O, həmçinin etirazlar zamanı 749 polis bölməsinə və 120 İnqilab Keşikçiləri Korpusunun mərkəzinə hücumların qeydə alındığını bildirib.
ABŞ-də yerləşən “Human Rights Activists in Iran” (HRAI) müstəqil insan haqları təşkilatının məlumatına görə, 15 fevral tarixinə qədər ən azı 53 min 552 nəfər həbs olunub ki, onlardan 144-ü tələbədir.
Təşkilatın xəbər verdiyinə görə, ümumilikdə, 11 min 53 nəfər məhkəməyə çağırılıb.
Qeyd edək ki, İranda iğtişaşlar dekabrın 29-da rialın kəskin şəkildə ucuzlaşması ilə başlayıb və əksər böyük şəhərlərə yayılıb. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub. Tehran iğtişaşları təşkil etməkdə İsraili və ABŞ-ni günahlandırıb. 23 yanvarda Əraqçi bildirib ki, mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla, ölənlərin sayı 3117 nəfərə çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz