
Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 13 milyon 319,1 min kVt/saat elektrik enerjisi ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan elektrik enerjisinin 1 kVt/saat üçün orta gömrük dəyəri 4,8 sent (8,2 qəpik) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricə satılan elektrik enerjisinin miqdarı 11 dəfəyə yaxın azalıb. İxrac olunan elektrik enerjisinin gömrük dəyəri isə 12,7% aşağı düşüb. Belə ki, ötən ilin yanvar ayında xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,5 sent (9,4 qəpik) olub.
Qeyd edək ki, bu il xaricə satılan elektrik enerjisinin dəyəri daxili bazarda satılan elektrik enerjisinin qiymətindən aşağı olub.
Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,1 qəpik təşkil edir.
Onu da qeyd edək ki, 2026-cı il 1 yanvar tarixindən Azərbaycanda elektrik enerjisi üçün ay ərzində 1 manat sabit tarif də tətbiq olunur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz