Şuşada otel işçiləri 1 481 manat, Xankəndidə isə 448 manat əməkhaqqı alıblar


Bu ilin əvvəlinə olan məlumata görə, ötən il Azərbaycanda 885 mehmanxana və mehmanxana tipli obyektdə (otel) çalışan işçilərin sayı 16 min 259 nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, otel işçilərinin 41,4%-i və ya 6 min 735 nəfəri paytaxt Bakıdakı otellərdə işləyiblər.
Bakıdan sonra ən çox işçisi olan otellər Qubada (1054 işçi), Qəbələdə (1034 işçi), Qusarda (929 işçi) və Naftalanda (843 işçi) yerləşib. Ən az işçisi olan otellər isə Zərdabda (1 işçi), Bərdədə (2 işçi), Yardımlıda (3 işçi) və Ağsuda (3 işçi) fəaliyyət göstərib.
Onu da bildirək ki, ötən il otellərin ümumi xərclərinin 32,4%-i və ya 173 milyon 484,8 min manatı əmək haqqı xərcləri olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən il otel işçilərinin orta aylıq əmək haqqı 889 manat olub.
Qeyd edək ki, paytaxt Bakıda bu göstərici – ötən il otel işçilərinin orta aylıq əmək haqqı 1 197 manat təşkil edib. Bundan başqa, Quba rayonunda ötən il otel işçilərinin orta aylıq əmək haqqı 546 manat, Qusarda 1 448 manat, Qəbələdə 850 manat, Naftalanda isə 825 manat olub.
İşğaldan azad olunan rayonlarda fəaliyyət göstərən otellərdə isə işçilərin sayı və orta aylıq əmək haqqı aşağıdakı kimi olub:
Xankəndi – 146 nəfər (448 manat);
Ağdam – 22 nəfər (734 manat);
Ağdərə – 2 nəfər (825 manat);
Şuşa – 289 nəfər (1 481 manat);
Laçın – 216 nəfər (703 manat).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top