Mask Pentaqonun 100 milyonluq qapalı tenderində iştirak edir – Dronlarla bağlıdır


İlon Maska məxsus “SpaceX” və “xAI” şirkətləri Pentaqon (ABŞ Müdafiə Nazirliyi) tərəfindən maliyyələşdirilən 100 milyon dollarlıq tenderdə iştirak edir.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, bu ilin yanvarında başlayan və altı ay davam edəcək müsabiqəyə yalnız məhdud sayda təşkilat qəbul olunub. Layihənin əsas məqsədi səs əmrləri vasitəsilə dron dəstələrinin avtonom idarə olunmasını təmin edən qabaqcıl texnologiyanın hazırlanmasıdır.
Tender çərçivəsində hazırlanacaq sistemin səs əmrlərini anlayaraq onları rəqəmsal əmrlərə çevirməsi nəzərdə tutulur. Yeni texnologiyanın həm hava, həm də dəniz mühitində fəaliyyət göstərən dronların sinxron idarə edilməsinə imkan verəcəyi gözlənilir. Proqram təminatının hazırlanması və sahə sınaqları daxil olmaqla layihə beş mərhələdən ibarət olacaq.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi tender elanında qeyd edib ki, dronlar hücum məqsədləri üçün də istifadə oluna bilər. O bildirib ki, insan-maşın qarşılıqlı əlaqəsi bu sistemlərin “ölümcüllüyünə və effektivliyinə birbaşa təsir göstərir”.
Layihə Müdafiə İnnovasiya Bölməsi (DIU) və Müdafiə Muxtar Hərb Qrupu (DAWG) tərəfindən həyata keçirilir. Bu təşəbbüs əvvəlki “Replikator” proqramının davamı kimi qiymətləndirilir.
Tenderdə həmçinin “OpenAI”nin də iştirak etdiyi bildirilir. Şirkətin rolu əsasən səs və digər əmrləri rəqəmsal təlimatlara çevirən sistemlərin hazırlanması ilə məhdudlaşacaq. Qeyd olunur ki, bu texnologiya birbaşa silah idarəetməsi və ya hədəfləmə üçün istifadə edilməyəcək.
Mənbələr bildirir ki, generativ süni intellektin hərbi sistemlərə inteqrasiyası ABŞ rəsmiləri arasında da narahatlıq doğurur. Xüsusilə, böyük dil modellərinin səhv və ya reallığa uyğun olmayan cavablar (“hallüsinasiyalar”) yaratmaq riski diqqət mərkəzindədir.
Məlumatda qeyd olunur ki, “xAI” son dövrlər dövlət qurumları və müdafiə layihələri ilə işləmək üçün yüksək təhlükəsizlik icazəsinə malik mühəndislər axtarır. İşə qəbul prosesinin qısa müddətdə – təxminən bir həftə ərzində tamamlanması planlaşdırılır.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top