
Bu ilin yanvar ayında Azərbaycana 176,5 milyon dollar dəyərində 7 min 591 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan avtomobillərin bir ədədinin orta gömrük dəyəri 23 min 257 dollar (39 min 536 manat) olub.
Qeyd edək ki, idxal olunan avtomobillərin 4 min 584 ədədi və ya 60,4%-ni hibrid avtomobillər təşkil edib. Yanvar ayında idxal edilən bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 20 min 10 dollar (34 min 17 manat) təşkil edib.
Müqayisə üçün bildirək ki, əvvəlki aya – ötən ilin dekabr ayına nisbətən hibrid avtomobillərin idxalı 3,3 dəfə azalıb. Belə ki, dekabrda ölkəyə 15 min 207 ədəd hibrid avtomobil gətirilib. Dekabrda idxal olunan hibrid avtomobilin orta gömrük dəyəri 19 min 591 dollar (33 min 304 manat) olub. Nəticədə, idxal edilən hibrid avtomobillərin orta gömrük dəyəri 420 dollar və ya 2,1% artıb.
Xatırladaq ki, 1 yanvar 2022-ci ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da 3 il müddətinə 18%-lik ƏDV-dən azad edilib. Lakin, 2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid avtomobillərə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz