
Çeçenistan lideri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putindən dəstək alacağı təqdirdə respublika prezident seçkilərində namizədliyini irəli sürməyə razılıq verib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
“Görüş zamanı Çeçenistan Respublikası hökumətinin sədri Maqomed Daudov mənə Axmat-Hacı Kadırovun komandası və bütün çeçen xalqı adından Çeçenistan Respublikasının prezident seçkilərində “Vahid Rusiya” partiyasının namizədlərini müəyyən etmək üçün ilkin səsvermədə iştirak etmək xahişi ilə müraciət etdi. Mən Maqomed Xocahmedoviçə və yoldaşlarıma təşəkkür etdim. Vurğuladım ki, yalnız milli liderimiz tərəfindən dəstəkləndiyim təqdirdə prezidentliyə namizəd olmağa razıyam”, - Kadırov yazıb.
O, xalqdan və yoldaşlarından qazandığı yüksək etimadın dəyərli olduğunu, lakin Rusiya Prezidentinin qərarının da çox vacib olduğunu qeyd edib.
Qeyd edək ki, Kadırov 2007-ci ildən bəri Çeçenistanın lideri vəzifəsində çalışır. 2021-ci ildə keçirilən ən son seçkilərdə o, “Vahid Rusiya” partiyasının namizədi kimi regionun rəhbəri seçilib. O, səslərin 99,7%-ni toplayaraq 2016-cı il rekordunu qırıb ki, bu da Rusiyada 2000-ci ildən bəri keçirilən qubernator seçkilərində ən yüksək nəticə olub.
Tətbiqimizi yükləyə bilərsiniz