
ABŞ Prezidenti Donald Tramp İsrailə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar uğursuz olarsa, İrana hücumlarını dəstəkləməyə hazır olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu mövqeyini 2025-ci ilin dekabr ayının sonlarında Florida ştatındakı Mar-a-Laqo iqamətgahında İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündə elan edib.
Telekanalın məlumatına görə, hazırda Pentaqon və ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmiləri İsrailin İrana qarşı yeni hücumlarını dəstəkləmək variantlarını müzakirə edirlər.
Qeyd olunub ki, Amerika administrasiyası daxilində baxılan variantlar arasında İsrail təyyarələrinin uçuş zamanı yanacaqla doldurulması və üçüncü ölkələrin ərazisi üzərindən uçmasına icazə alınması məsələsinin həlli var.
Hansı ölkələrin belə bir icazə verəcəyi hələlik məlum deyil.
Belə ki, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri əvvəllər açıq şəkildə hava məkanlarının İrana qarşı zərbələr üçün istifadəsinə icazə verməyəcəklərini bildirmişdilər.
Digər tərəfdən, milli təhlükəsizlik strukturları daxilində müzakirələr ABŞ-nin regiondakı hərbi mövcudluğunu gücləndirməsi ilə üst-üstə düşür.
Xüsusilə, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin və onu müşayiət edən dəniz qrupunun Yaxın Şərqə göndərilməsi qərarı da bu planın bir hissəsidir.
Qeyd edək ki, Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün İran və ABŞ arasında danışıqların yeni mərhələsi fevralın 6-da Omanın paytaxtında baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.
Tətbiqimizi yükləyə bilərsiniz