
Sülh Şurasına üzv ölkələr şuranın ilk iclasında Qəzza zolağının yenidən qurulması üçün 5 milyard dollardan çox vəsait ayrıldığını elan edəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.
Şuranın ilk iclası fevralın 19-da Vaşinqton Sülh İnstitutunda keçiriləcək.
Ağ Ev rəhbəri həmçinin, Sülh Şurasına üzv dövlətlərin Fələstin anklavında sülhü və təhlükəsizliyi qorumaq üçün minlərlə əsgər göndərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələrinin iştirakı ilə Qəzza zolağında sülh nizamlanmasının bir hissəsi olaraq yaradılmış Sülh Şurasının Nizamnaməsini imzalayıblar.
Sülh Şurası İsrail və HƏMAS hərəkatı arasında Qəzzanı idarə etmək üçün əldə edilən razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər regioanlardakı münaqişələrin qarşısını almaq və həll etmək üçün də fəaliyyət göstərəcəyi gözlənilir.
Xatırladaq ki, yanvarın 16-da Tramp “Sülh Şurası”nın yaradıldığını elan edib. Amerika lideri Avropa Komissiyasının, həmçinin, Rusiya, Ukrayna və Çin də daxil olmaqla 50-dən çox ölkənin nümayəndələrini “Sülh Şurası”nın işində iştirak etməyə dəvət edib.
Tətbiqimizi yükləyə bilərsiniz