
Çin hökuməti Afrika qitəsindəki 53 ölkəyə tətbiq olunan idxal tariflərini tamamilə 0%-ə endirmək barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, yeni qərara əsasən, bu ölkələrdən idxal edilən məhsullara tətbiq olunan əlavə rüsumlar tamamilə ləğv ediləcək. Siyahıya daxil edilməyən yeganə ölkə isə Esvatini olub. Buna səbəb ölkənin Tayvan ilə sıx iqtisadi əlaqələrini davam etdirməsi və bu tərəfdaşlıqdan imtina etməməsidir.
Qeyd edək ki, indiyədək Çin 33 Afrika ölkəsi üçün minimal tariflər tətbiq edirdi. Yeni qərar isə bu siyasətin daha da genişləndirilməsi kimi qiymətləndirilir.
Statistik göstəricilər göstərir ki, Afrika ölkələri ilə Çin arasında ticarət əlaqələri sürətlə inkişaf edir. 2025-ci ilin ilk 8 ayında tərəflər arasında ticarət dövriyyəsi 222,05 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 15,4% artım deməkdir. Bununla belə, tərəflər arasında ticarət balanssızlığı hələ də qalmaqdadır – Afrika ölkələri Çindən idxal etdikləri məhsulların həcmi baxımından 59,55 milyard dollar fərqlə geridə qalır.
Ekspertlər hesab edir ki, tariflərin ləğvi Afrika ölkələrinə ixrac imkanlarını genişləndirmək və bu balanssızlığı azaltmaq üçün yeni imkanlar yaradacaq.
Eyni zamanda, bu qərarın Çin üçün də müəyyən maliyyə itkiləri var. Belə ki, tariflərin sıfırlanması nəticəsində ölkə büdcəsi təxminən 1,4 milyard dollar əlavə gəlirdən imtina edəcək. Lakin rəsmi Pekin bu addımın Afrika qitəsində iqtisadi diplomatiyanın güclənməsinə və strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edəcəyini gözləyir.
Məlumata görə, Çin Afrika ölkələri ilə əsasən neft, qiymətli minerallar və daşlar üzrə ticarət aparır. Təkcə 2025-ci ilin ilk 6 ayında Çin qitədən 81,25 milyard dollar dəyərində məhsul idxal edib.
Tətbiqimizi yükləyə bilərsiniz