
Çikaqoda istehsal edilən “Şvin” velosipedləri uşaqların xəyallarını bəzəyirdi. 1895-ci ildə bir alman mühaciri İqnas Şvin tərəfindən istehsal edilən bu velosipedlər elə çox vaxt uşaqların xəyallarında da qalırdı. Həddindən artıq baha olan bu velosipedləri yoxsul ailələrin yaşadıqları rayonlarda görmək isə demək olar ki, qeyri-mümkün idi...
1942-ci ilin 17 yanvar günü reklamçı Marsellusun ailəsində bir oğlan uşağı dünyaya gəldi. Uşağa Kassius adını qoydular. Marsellus ailəsini min bir zəhmətlə dolandırırdı. Həyat yoldaşı Odessa isə işləmirdi. Çox keçməmiş “Şvin” velosipedləri Kassiusun da xəyal dünyasındakı öz taxtına oturdu. Reklamçı Marsellus 12 yaşı tamam olan oğluna aldığı hədiyyə ilə yaşadığı küçəyə girəndə küçədə oynayan uşaqlar da onun arxasınca düşdü. Çünki Kassiusun hədiyyəsi onların da xəyallarını bəzəyən bir “Şvin” velosipedi idi!
Ancaq Kentukkidə, yoxsulların yaşadığı bir küçədə “Şvin” velosipedinin ömrü çox uzun olmadı. Çox keçmədi ki, hamı Kassiusu polis şöbəsində göz yaşları içərisində gördü. O, hıçqırıqlarını saxlaya bilmir və polis rəisi Co Martinə velosipedinin oğurlandığını xəbər verirdi. Sonra Kassius yumruqlarını sıxdı və: “Əgər o oğrunu tutsam, heç kim əlimdən ala bilməyəcək. Onu sabaha qədər qamçılayacağam”, - dedi. Co Martin isə ona həyatını dəyişdirəcək bir təklif verdi: “Bax oğlum, mənim bir boks salonum var. Ora get və boks öyrən. Oğrunu tutanda da qamçılamaq əvəzinə kötəkləyərsən”...
1960-ci ildə isə artıq 18 yaşlı Kassius Roma Olimpidasında iştirak edəcək ABŞ boks yığmasında idi. O, olimpiada yığmasına daxil edilsə də, buna sevinməmişdi. Çünki Kassius təyyarədən çox, həm də çox qorxurdu. Həyatının bu ən vacib yarışında iştirak etmək istəsə də, təyyarə qorxusu onu nakaut etmiş və yığmadan çəkilmişdi. Ancaq onun dünyanın ən yaxşı boksçusu olacağına inanan məşqçilər səhər-axşam onun qapısında dil dökürdülər. Nəhayət, məşqçilər Kassiusu təyyarəyə minməyə razı saldılar. Ancaq bir şərti var idi!..
ABŞ boks yığmasını Romaya aparan təyyarədə bütün idmançılar oturacaqlarını arxaya yatırmış,
kimisi kitab oxuyur, kimisi isə yatırdı. Ancaq aralarında bir idmançı var idi ki, təyyarəyə mindiyi dəqiqədən indiyə kimi dimdik oturur və irəliyə baxırdı. Əlbəttə ki, bu sərnişinin adı şərti yerinə yetirilən Kassius idi. Gənc boksçunun kürəyində isə təyyarəyə minmək üçün irəli sürdüyü o şərt, yəni, paraşüt var idi!
Romadan qızıl medalla qayıdan Kassius 1964-cü ildə həyatının başqa bir mühüm matçına çıxdı. Rəqibi isə ağır çəkili boksçular arasında dünya çempionu Soni Liston idi. Bu matçda da qalib gələn Kassius Kley elə həmin il müsəlman oldu. Artıq onun həyatında Kasius Kley yox, Məhəmməd Əli var idi.
Qəribədir ki, təyyarədən həddindən artıq qorxan və kürəyinə paraşüt taxmamış təyyarəyə minməyən Məhəmməd Əli rinqdəki vəziyyətini uçan iki heyvana bənzədir və həmişə: “Kəpənək kimi uçuram, arı kimi sancıram”, - deyirdi...
Bir Amerika əsgəri kimi Vyetnama getməkdən boyun qaçıran Məhəmməd Əlinin titulları əlindən alınandan və həbsə atılandan sonra isə bütün Amerikanı etiraz dalğaları bürüdü. Etirazlar qarşısında çarəsiz qalan Amerika geri addım atmaq məcburiyyətində qaldı. Əslində isə bu hadisə dünya sülhü naminə Məhəmməd Əlinin qalib gəldiyi ən mühüm “döyüş” idi. Ancaq nə yazıq ki, onun bu mövqeyini Amerikanın İraq işğalı zamanı yada salan olmadı.
Kentukkinin uzaq bir rayonunda “Şvin” markalı o velosipedi oğurlayan oğru əslində Məhəmməd Əliyə nə qədər yaxşılıq etdiyindən xəbərsiz idi. Çünki istəsə də, istəməsə də, o, 12 yaşlı Kassiusa dünya boks tarixində yeni bir cığır açmışdı. Çünki hər işdə bir xeyir var – İlk baxışdan bizə xeyir kimi görünməsə belə...
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz