
Dünyada hər gün su haqqında onlarla, yüzlərlə, bəlkə də minlərlə yazı dərc edilir. Ancaq bunlar hələ də suyun bütün cəhətlərini tam ifadə etmək üçün kifayət deyil.
Hər şeydən əvvəl onu deyək ki, planetimizdə 1.460.000.000.000.000 ton su var və yer səthinin 71 faizini əhatə edir. Hər il yer səthinin quru hissəsinə on trilyon ton yağıntı düşür. Ancaq dünyadakı suyun miqdarı dəyişməz qalır. Çirklənmiş su buxarlanaraq bulud əmələ gətirir və sonra tərtəmiz bir şəkildə yenidən yerə qayıdır. Su davamlı olaraq təmizlənir və həyat mənbəyi kimi dünyanın hər yerinə paylanır.
Hazırda dünyada tonlarla su var. Ancaq kainatın ilk başlanğıcında su yox idi. İlk ulduzlar mərkəzlərindəki milyonlarla dərəcə istiliklə hidrogen atomlarını helium, karbon, azot, oksigen, dəmir və s. elementlərin atomlarına çevirirdilər. Ancaq bir gün ilk ulduzlar ömürlərini başa vurdular və partlayaraq içindəkilərlə bir yerdə kosmosa dağıldılar. Və oksigen atomları hidrogen atomları ilə birləşərək su əmələ gətirdi.
Bu gün hamımızın içdiyi çaylardakı, göllərdəki və dənizlərdəki sular bir vaxtlar bir ulduzun tərkibindəki oksigendən əmələ gəlmişdir.
Suyun xüsusiyyətlərinə nəzər salsaq, görərik ki, suyun, əslində dadı və iyi yoxdur. İçməli suya dad və iy verən içindəki minerallardır. Bu minerallar qayaların tərkibində yerləşir və su axarkən ona qarışır.
Su dünyada ən çox istiliyi özündə toplayan ikinci maddədir. Yayda qızan dəniz suyu özündə böyük miqdarda enerji saxlayır. Qışda havalar soyuduqda isə bu istiliyi ətrafa ötürür. Dənizə yaxın şəhərlərdə qışın dənizdən uzaq şəhərlərə nisbətən mülayim keçməsinin də əsas səbəbi budur.
Su üstdən donmağa başlayır və buzlar suların səthində üzür. Əgər su belə bir xüsusiyyətə malik olmasaydı, hər il donan sular dibə çokər və zaman keçdikcə planetdəki bütün dəniz və okeanlar donar və yer buz planetinə çevrilərdi. Məhz bunun hesabına üstü donan çayların, göllərin və dənizlərin içindəki balıqlar buzun altında 4 dərəcə selsidə qışı asanlıqla keçirirlər.
Ancaq az qala saatbasaat artan ekoloji problemlər bu gün bir milyarddan çox insanı hər gün sağlamlıq baxımından yararsız su içmək məcburiyyətində qoyur. Onların təkcə Afrikadakı sayı 300 milyondan çoxdur. Hər il beş milyondan çox insan isə mikroblu su içdiyi üçün həyatını itirir. Başqa bir məsələ isə yaxın tarixdə dünya əhalisinin yarısından çoxunun su problemi ilə üz-üzə qalmaq ehtimalıdır. Digər tərəfdən, YUNESKO-nun hesabatı da 20 il ərzində adambaşına düşən suyun miqdarının 30 faiz azalacağını göstərir. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz