Azərbaycan milyonlarla dolları necə itirir? – “Turistlər “restoran toyu” istəmir”


Bu yaxınlarda millət vəkili Razi Nurullayevin qardaşının Dubayda keçirdiyi təmtəraqlı toy mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.
Yeniavaz.com
xəbər verir ki, Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toyda Azərbaycanın məşhur müğənniləri də iştirak ediblər.
Qeyd edək ki, son illərdə dəbdəbəli toy mərasimləri ölkə sərhədlərindən kənara çıxaraq, qlobal turizm sənayesinin ən gəlirli sahələrindən birinə çevrilib. Xatırladaq ki, Hindistanın ən zəngin adamı Mukeş Ambaninin oğlu Anant Ambaninin İtaliyanın Portofino sahillərində təşkil etdiyi kruiz toyu və ya məşhur müğənni Keti Perrinin Hindistanda keçirdiyi nikah mərasimi bu sahənin nə qədər böyük büdcələrlə idarə olunduğunu göstərir.
Hətta az sayda olsa da, Azərbaycanda da dəbdəbəli toy mərasimləri təşkil edən əcnəbilərə rast gəlmək mümkün olur. Bir neçə il əvvəl Bakıda baş tutan hindli cütlüyün dəbdəbəli toyunda təxminən 5 milyon dollardan çox vəsait xərcləndiyi bildirilir.

Toy turizmi nədir?
Məlumat üçün bildirək ki, toy turizmi cütlüklərin və onların qonaqlarının nikah mərasimi üçün fərqli bir ölkəyə və ya şəhərə getməsi prosesidir. Bu səyahət növü yalnız toy gününü deyil, qonaqların bir neçə günlük qalma müddətini, yerli restoranlarda yeməkləri, ekskursiyaları və alış-verişi də əhatə edir.
Hazırda dünyada toy turizmindən ən çox qazanan ölkələr sırasına İtaliya, Yunanıstan, BƏƏ, Tailand və Meksika liderlik edir. Xüsusilə Hindistan və Pakistan kimi ölkələrdə toy ənənələri çox təmtəraqlı olduğu üçün bu ölkələrin vətəndaşları xaricdə toy etmək üçün ən böyük müştəri bazasını formalaşdırırlar. Dubayda baş tutan dəbdəbəli toylardan əldə edilən görüntülər və təcrübələr göstərir ki, bu sektorda rəqabət aparmaq üçün yüksək səviyyəli xidmət və vizual möhtəşəmlik əsas şərtdir.

“Xaricdən “toy turisti” cəlb etmək üçün aktiv təbliğat olmalıdır”
Bəs Azərbaycanda toy turizminin hansı imkanları var və bu imkanlardan necə istifadə etmək olar?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan iqtisadçı Allahverdi Aydın bildirir ki, ölkəmiz həm Şərq koloriti, həm də Avropa müasirliyi ilə xarici turistlər üçün cəlbedici görünür:
“Azərbaycan toy turizminə maraq göstərən Hindistan, Pakistan və Rusiya kimi ölkələr üçün çox əlverişli coğrafi mövqedə yerləşir. Viza sisteminin sadəliyi, zəngin milli mətbəximiz toy turizminin inkişafı üçün möhkəm baza yaradır. Lakin xaricdən “toy turisti” cəlb etmək üçün aktiv təbliğat olmalıdır. Xüsusilə beynəlxalq toy planlaşdırıcıları ilə əlaqələrin qurulması və onlara ölkəmizin imkanlarının nümayiş etdirilməsi vacibdir. Bunun üçün hava yolları, otellər və tədbir təşkilatçıları arasında vahid bir turizm paketi hazırlanmalıdır”.

Allahverdi Aydın

“Xarici turist standart şadlıq sarayı toyu istəmir”
İqtisadçı bildirir ki, Azərbaycanda toy turizminə marağın arzuolunan səviyyədə olmamasının bir neçə ciddi iqtisadi və təşkilati səbəbi var:
“Turizm şirkətlərinin əksəriyyəti yalnız bilet və hotel satışı üzrə ixtisaslaşıb. Toy turizmi isə dekorasiyadan tutmuş, xüsusi işıqlandırma və səs sistemlərinə qədər onlarla detalı əhatə edir. İtaliyanın Komo gölü və ya Türkiyənin Bodrum şəhəri reklam üçün bu sahədə milyonlarla dollar xərcləyir. Bizim şirkətlər isə xarici sərgilərdə Azərbaycanı daha çox dağ-meşə və ya müalicəvi turizm mərkəzi kimi təqdim edirlər. Quru sərhədlərinin bağlı olması və hava nəqliyyatının baha olması toyun ümumi xərclərini artırır. Cütlüklər daha ucuz və birbaşa uçuşları olan Dubay və ya Antalya kimi məkanlara üz tuturlar. Xarici turist standart şadlıq sarayı toyu istəmir. Onlar dağ başında, dəniz kənarında və ya tarixi bir məkanda unikal atmosfer axtarırlar. Lakin belə məkanlarda tədbir keçirmək üçün icazə almaq prosesi şirkətlər üçün “baş ağrısına” çevrilir”.
İqtisadçı deyir ki, bu sahənin inkişafı üçün turizm şirkətləri xarici partnyorları ilə, xüsusən Hindistan və Pakistan şirkətləri ilə qarşılıqlı əməkdaşlıq etməlidirlər:
“Dövlət də bu işə dəstək verməlidir. Turizm Agentliyi ölkənin turizm potensialının təbliği üçün böyük vəsaitlər xərcləyir. Bu yaxınlarda onlarla ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək üçün milyonlarla vəsait xərclənəcəyini açıqlayıblar. Hesab edirəm ki, reklam məqsədilə bəzi məşhur cütlüklərin, blogerlərin toy xərcləri Agentlik tərəfindən də qarşılana bilər. Toy turizmi sahəsində geniş imkanlar mövcuddur və bu sahədə ilk peşəkar addım atan şirkətlər gələcəkdə çox böyük uğurlar əldə edə bilərlər”.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top