
Polis Norveçin keçmiş baş naziri və Avropa Şurasının keçmiş baş katibi Torbyorn Yaqlandın evlərində axtarış aparıb.
Yeniavaz.com xəbər verir ki, Ceffri Epşteyn işi ilə bağlı sənədlərin dərc edilməsindən sonra Yaqland korrupsiyada şübhəli bilinir.
Torbyorn Yaqland 2009-cu ildən 2019-cu ilə qədər Avropa Şurasının Baş katibi olub. O, 2009-cu ildən 2015-ci ilə qədər Nobel Mükafatı Komitəsinə sədrlik edib. 1996-cı ildən 1997-ci ilə qədər isə Norveçin Baş naziri olub.
“Verdens Gang” nəşri və AFP agentliyi “Epşteyn işi” ilə bağlı sənədlərə istinadla yazıblar ki, Yaqland dəfələrlə amerikalı maliyyəçinin Nyu-York və Parisdəki mənzillərində gecələyib və 2014-cü ildə ailəsi ilə birlikdə Epşteynin adasına səyahət etməyi planlaşdırıb, lakin nəticədə bu, baş tutmayıb.
Norveç mediasının məlumatına görə, iqtisadi cinayətlərlə mübarizə aparan polis bölməsi 12 fevralda Yaqlandın Osloda və Norveçin şərq sahillərindəki evlərində axtarış aparıb.
Axtarış faktını Yaqlandın vəkili Anders Brosvit də təsdiqləyib. Onun sözlərinə görə, axtarış standart istintaq proseduru çərçivəsində həyata keçirilib. O, Yaqlandın müstəntiqlərlə əməkdaşlıq etdiyini bildirib və növbəti addımın onun dindirilməsi olacağını qeyd edib. Vəkil Yaqlandın cinayət məsuliyyətinə cəlb olunması üçün heç bir əsasın olmadığını da bildirib.
Digər tərəfdən, Avropa Şurası Nazirlər Komitəsi Norveçdə araşdırmanın başlaması ilə əlaqədar olaraq Avropa Şurasının keçmiş baş katibi Torbyorn Yaqlandın toxunulmazlığını ləğv edib. Bu barədə qərarı 11 fevralda verib.
Qeyd edək ki, bu yaxınlarda ABŞ Ədliyyə Nazirliyi çoxsaylı şəxslərin adı çəkilən milyonlarla sənəd yayıb. Bu sənədlərə görə, Epşteynin dünyanın müxtəlif ölkələrindən olan siyasətçilərlə şəxsi və işgüzar əlaqələri olub.
Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatında hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Rəsmi versiyaya görə, o, 10 avqust 2019-cu ildə Nyu-York həbsxanasında intihar edib.
Tətbiqimizi yükləyə bilərsiniz