
“Vətəndaş Müqaviləsi” partiyası Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən təsis edilmiş “Varçabend” musiqi qrupunun keçirdiyi konsertə xərclənın vəsaitin miqdarını açıqlayıb.
Yeniavaz.com “Armemia Today” qəzetinə istinadla xəbər verir ki, bu barədə partiyanın sədr müavini Vaaqn Aleksanyan məlumat yayıb.
Onun sözlərinə görə, “Vətəndaş Müqaviləsi” partiyası yanvarın 30-da “Palladium Holl”da keçirilən konsertə 8,5 milyon dram (38 500 AZN-ə yaxın) xərcləyib.
Qəzet yazır ki, xərclərin ən böyük hissəsi - 4,9 milyon dram – səhnənin dekorasiyasına və atributların alınmasına xərclənib. Məkanın icarəsi 2,5 milyon dram təşkil edib. Partiya musiqi tərtibatları və musiqiçilərin ödənişləri üçün 1,1 milyon dram ayırıb.
Qeyd edək ki, fevralın əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyanın “Varçabend” musiqi qrupunun ilk konserti baş tutub. Qrupun adı “Varçapet” (baş) və “bend” (qrup) sözlərinin birləşməsindən yaranıb. Paşinyan qrupda baranbançı kimi çıxış edib. Barabançıdan əlavə, qrupa iki vokalçı, bir pianoçu, bir saksafonçu və bir gitaraçı daxil olub.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan bir müddət əvvəl İctimai Televiziyaya verdiyi müsahibədə zərb alətləri dərsləri ilə bağlı sualı cavablandırarkən bildirib ki, 2025-ci ildə bir illik onlayn zərb alətləri kursu üçün 250 dollarlıq hədiyyə sertifikatı alıb və hazırda distant təhsil alır. Onun sözlərinə görə, dərslər səhər tezdən və ya axşam gec saatlarda keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz