Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib


Rusiyanın xarici dövlət borcu uzun fasilədən sonra yenidən 60 milyard dollar həddini aşıb.
Yeniavaz.com
xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi tərəfindən açıqlanan son statistikaya əsasən, 1 fevral 2026-cı il tarixinə ölkənin xarici dövlət borcu 61,9 milyard dollar təşkil edib.
Nazirliyin məlumatına görə, bu göstərici 2006-cı ildən bəri ilk dəfədir ki, 60 milyard dollar səviyyəsini keçir. Belə ki, 1 yanvar 2006-cı ildə Rusiyanın dövlət borcu 76,5 milyard dollar, 2007-ci ilin əvvəlində isə 52 milyard dollar olub. Sonrakı illərdə bu rəqəm davamlı olaraq 60 milyard dollardan aşağı səviyyədə qalıb.
Rəsmi statistikada qeyd olunur ki, 2011-ci ildə xarici dövlət borcu 39,7 milyard dollar səviyyəsində idi. Beləliklə, son 15 ildə borcun artım dinamikası nəzərəçarpacaq dərəcədə yüksəlib və 2026-cı ildə yeni psixoloji həddi keçib.
Digər tərəfdən, Rusiya Mərkəzi Bankı məlumat yayıb ki, ölkənin ümumi xarici borcu (dövlət və özəl sektor daxil olmaqla) 1 yanvar 2026-cı il tarixinə 319,8 milyard dollar təşkil edib. Tənzimləyicinin 12 fevral tarixli açıqlamasına görə, bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə 30 milyard dollar və ya 10,4% artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top