
Britaniyanın BBC şirkəti xərclərini yüz milyonlarla funt sterlinq azaltmağı planlaşdırır ki, bu da işçilərin ixtisarı və proqramların dayandırılması ilə bağlı çətin qərarlara səbəb olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti BBC-nin istefaya gedən baş direktoru Tim Deyvi tərəfindən 12 fevralda işçi heyəti ilə keçirdiyi görüşə istinadla məlumat yayıb.
Məlumata görə, şöbə müdirlərinə xərclərin azaldılması təkliflərini hazırlamaq üçün mart ayının sonuna qədər vaxt verilib. Bu qənaətin növbəti üç il ərzində təxminən 10% təşkil edəcəyi gözlənilir.
Nəşr yazır ki, maliyyələşdirmənin azaldılmasının xəbər otaqlarından tutmuş kommersiya studiyalarına qədər bütün BBC xidmətlərinə təsir edəcəyi gözlənilir.
“Financial Times” qəzeti qeyd edir ki, BBC-nin ötən il əməliyyat xərcləri 2 milyard funt sterlinq (2,7 milyard dollar) təşkil edib.
BBC həmçinin, ABŞ Prezidenti Donald Trampın ona qarşı qaldırdığı 10 milyard dollarlıq iddia ilə bağlı əlavə təzyiq altındadır.
Amerika lideri Britaniya mediasını 2024-cü ilin oktyabrında yayımlanan “Panorama” proqramındakı çıxışını təhrif etməkdə günahlandırır.
Orada Trampın sözləri onun ABŞ Konqresi binasının ələ keçirilməsinə çağırış etdiyini göstərmək üçün redaktə edilib. Halbuki əslində dövlət başçısı vətəndaş fikirlərini dinc yolla ifadə etməyin vacibliyindən danışıb.
Qalmaqaldan sonra BBC-nin baş direktoru Tim Deyvi istefa verib, lakin onun aprelin əvvəlinə qədər vəzifəsində qalması nəzərdə tutulub.
Korporasiyanın xəbərlər şöbəsinin rəhbəri Debora Terness də vəzifəsini itirib.
Tətbiqimizi yükləyə bilərsiniz