
Paris polisi Luvr muzeyində genişmiqyaslı bilet fırıldaqçılığı sxemini təşkil etməkdə şübhəli bilinən on nəfəri həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Prokurorluğun məlumatına görə, saxtakarlıq müxtəlif tur qrupları üçün eyni biletlərin təkrar istifadəsinə əsaslanıb. Müstəntiqlər əvvəlcə əvvəllər istifadə olunmuş biletləri yenidən təqdim etməklə turist qruplarını müntəzəm olaraq muzeydə müşayiət edən iki Çinli bələdçi ilə əlaqə saxlayıblar. Oxşar fəaliyyət daha sonra digər bələdçilər arasında da aşkar edilib.
Həbslər, 2024-cü ilin dekabr ayında Luvr tərəfindən verilən şikayətdən sonra başlanan məhkəmə istintaqının bir hissəsi olaraq həyata keçirilib.
Məlumata görə, saxlanılanlar arasında iki muzey işçisi, bələdçilər və təşkilatçılar da var.
Aparılan müşahidələr və telefon danışıqlarının dinlənilməsi biletlərin sistematik şəkildə təkrar istifadəsini təsdiq edib.
Müstəntiqlər həmçinin, bələdçilərin muzeydə yoxlamalardan yayınmaq üçün onlara nağd pul ödəyən əlbirlərinin olduğunu düşünürlər.
2025-ci ilin iyun ayında başlayan rəsmi araşdırma mütəşəkkil fırıldaqçılıq, çirkli pulların yuyulması, korrupsiya, ölkəyə qanunsuz girişin asanlaşdırılması və saxta sənədlərin istifadəsi ilə bağlı iddiaları əhatə edir. Müstəntiqlər şəbəkənin gündə 20-yə qədər tur qrupuna xidmət göstərdiyini təxmin edirlər.
Gəlirin bir hissəsinin daşınmaz əmlaka yatırıldığı iddia edilir. Saxlanılanlardan üç avtomobil, 130 000 avro nağd pul, bank hesablarından isə 200 000 avro müsadirə edilib. Həmçinin, saxlanılanlarda içərisndə külli miqdarda nağd pul olan bir neçə seyf də müəyyən edilib.
Müstəntiqlər muzeyə on il ərzində 10 milyon avrodan çox ziyan dəydiyini təxmin edirlər.
Qeyd edək ki, bu, muzeylə bağlı ilk qalmaqal deyil. Belə ki, 19 oktyabr 2025-ci ildə naməlum şəxslər işçi geyimində Luvr Muzeyinə daxil olaraq bir neçə dəqiqə ərzində Napoleonun kolleksiyasından 88 milyon avro dəyərində zinət əşyaları, o cümlədən boyunbağı, broş və tac oğurlayıblar. Onlar oğurlanmış zinət əşyalarının bir hissəsini qara internetdə satmağa cəhd ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz