
Son illər miras və əmlak üstündə yaranan mübahisələrin ailə münasibətlərini sarsıdan əsas amillərdən birinə çevrildiyi müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, mirasın bölgüsü kağız üzərində sadə hüquqi prosedur kimi görünsə də, bu məsələ reallıqda qardaşı qardaşa, övladı valideynə qarşı qoyur.
Eyni evdə böyüyən, eyni süfrəni bölüşən insanlar bir gün məhkəmə zallarında bir-birinə qarşı dayanırlar. Bəzi hallarda isə mübahisələr məhkəmə qərarı ilə yekunlaşmır, daha ağır nəticələrə gətirib çıxarır.
Bəs niyə miras və mülkiyyət məsələləri bu qədər kəskinləşib? İnsanları doğmalarına qarşı bu həddə çatdıran səbəblər nədir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan sosioloq Yusif Nəbiyev bildirib ki, ata mülkü ətrafında yaranan mübahisələr təkcə əmlak bölgüsü ilə bağlı deyil:
“Bu məsələ həm də güc və ədalətin bölgüsüdür. Miras çox vaxt ailə daxilində simvolik hakimiyyətin ötürülməsi kimi qəbul olunur. Söhbət yalnız torpaqdan və ya evdən getmir. Kim əsas varis sayılır, kim qərarverici mövqedədir, kim ailənin davamçısı kimi qəbul edilir – mübahisə daha çox bu məqamlar üzərində formalaşır. Xüsusilə ənənəvi cəmiyyətlərdə, o cümlədən bizim cəmiyyətdə oğlan övladına üstünlük verilməsi mülkiyyəti sosial statusla eyniləşdirir və bu da münaqişəni qaçılmaz edir”.

Yusif Nəbiyev
Sosioloqun sözlərinə görə, belə mübahisələrin təsiri çox vaxt dağıdıcı olur:
“Əlaqələr zəifləyir, emosional bağlar maddi dəyərlərə qurban verilir. Acı reallıq budur ki, bizdə “ata ocağı” romantikləşdirilərək müqəddəs, ali anlayış kimi təqdim olunsa da, çox vaxt həmin ocaq məhz miras kimi maddi məsələlər üzündən sönür. Düşünürəm ki, mülkiyyət bölgüsündə hüquqi savadlılıq, açıq ünsiyyət və ədalət prinsipləri gözlənilərsə, ailə institutunun bu kimi amillərdən zərbə görmə ehtimalı xeyli azalır”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz