
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Şimali Koreya lideri Kim Çen Inın qızının onun varisi kimi hazırlandığını müəyyən edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” Agentliyi Cənubi Koreyanın məlumatlı qanunvericilərinə istinadla məlumat yayıb.
Məlumata görə, Milli Kəşfiyyat Xidməti bu qənaətə ona necə müraciət edildiyini, ictimaiyyət qarşısına hansı tezliklə çıxdığını, həmçinin, hansı tədbirlərdə iştirak etdiyini araşdıraraq gəlib.
Kəşfiyyat xidməti qeyd edib ki, Kim Çju E Ordu Günü ilə bağlı tədbirlər də daxil olmaqla mühüm milli tədbirlərdə iştirak etməkdə davam edir.
O, həmçinin müəyyən siyasi məsələlərin müzakirələrində də iştirak edir.
Kim Çju Enin dəqiq yaşı məlum deyil. Lakin Cənubi Koreya kəşfiyyatı onun 2013-cü ildə anadan olduğuna inanır.
Onlar həmçinin Kim Çen Inın və həyat yoldaşı Ri Sol Çjunun böyük bir oğlu və cinsiyyətini bilmədikləri kiçik bir uşağının da olduğunu aşkar ediblər.
Bununla belə, Cənubi Koreya rəsmiləri və ekspertləri Şimali Koreyanın nisbətən güclü idarəetmə strukturu nəzərə alınmaqla Kim Cju Enin həqiqətən də ölkənin lideri ola biləcəyinə şübhə ilə yanaşırlar.
Bundan əlavə, onlar 41 yaşlı Kim Çen Inın gənc olduğunu, ciddi sağlamlıq problemlərinin olmadığını və başqa uşaqları olduğunu qeyd edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz