
Vətəndaşlara kredit, sığorta kimi xidmətlər, həmçinin müxtəlif məhsulların satışı ilə bağlı mütəmadi olaraq telefon zəngləri edilir.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə və mətbuatda bu hallarla qarşılaşan vətəndaşların şikayətlərinə tez-tez rast gəlmək mümkündür.
Bəs görəsən, vətəndaşlar onları narahat edən bu zənglərdən necə xilas ola bilərlər? Ümumiyyətlə, vətəndaşın razılığı olmadan onun nömrəsinə reklam məqsədilə zənglər etmək hansı hüquqi nəticələr doğura bilər?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu cür zənglər vətəndaşın hüquqlarının pozulması kimi qiymətləndirilə bilər:
“Vətəndaşa məlum olmayan nömrələrdən edilən zənglər mütəmadi şəkildə narahatlığa səbəb olarsa, eyni zamanda ard-arda zənglər edilməklə vətəndaş müxtəlif məhsulları almağa təşviq və ya məcbur edilərsə, bu halda vətəndaşın şəxsi həyatının toxunulmazlığı, o cümlədən istirahət hüququ pozulmuş hesab edilə bilər”.
Ramil Süleymanov qeyd edir ki, belə hallarda vətəndaş hüquqlarını qorumaq üçün məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət edə bilər:
“Vətəndaş aidiyyəti üzrə məhkəməyə, həmçinin ilkin araşdırmanın aparılması üçün hüquq-mühafizə orqanlarına – konkret olaraq polis və prokurorluq orqanlarına müraciət edə bilər. Araşdırma zamanı müəyyən olunarsa ki, həmin şəxslər vətəndaşa məxsus nömrəni hər hansı konkret şəxsdən əldə ediblər və ya nömrədən sistemli şəkildə, ardıcıl zənglər etməklə istifadə edərək vətəndaşın narazılığına səbəb olublar, bu zaman məsuliyyət məsələsi gündəmə gələ bilər. Əgər bu davranışlar nəticəsində vətəndaşa maddi zərər dəyibsə və ya mənəvi zərər vurulubsa, vətəndaş bununla bağlı məhkəməyə müraciət edərək zərərin ödənilməsini tələb edə bilər”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz