
Ukrayna Prezidenti Volodimir Zelenski 24 fevral tarixində ölkədə prezident seçkilərinin və sülhə dair referendumun keçirilməsi ilə bağlı rəsmi açıqlama verəcək.
Yeniavaz.com xəbər verir ki, bu məlumatı “Financial Times” qəzeti prezident administrasiyasındakı mənbəyə istinadən yayıb.
Nəşrə görə, Zelenski sülh danışıqlarını uğurla başa çatdırmaq və Rusiya–Ukrayna münaqişəsinə son qoymaq istəyini açıq şəkildə təsdiqləmək məqsədilə bu addımı atmaq qərarına gəlib. Mənbə qeyd edir ki, bu təşəbbüs həmçinin ABŞ və Rusiya prezidentlərinin Ukraynanı “qeyri-demokratik şəkildə idarə etməsi” iddialarını dəf etmək üçün də nəzərdə tutulub.
Məlum olduğu kimi, həm Kreml, həm də rəsmi Vaşinqton Zelenskinin müharibə şəraitindən istifadə edərək seçkiləri təxirə saldığı və öz prezidentlik müddətini uzatdığı barədə tənqidlər səsləndiriblər. ABŞ rəhbərliyi son vaxtlar bu mövqeyini yumşaltsa da, Rusiya Prezidenti Vladimir Putin bu məsələyə yenidən diqqət çəkib.
“Financial Times” yazır ki, prezident seçkiləri mövcud diplomatik vəziyyətdən asılı olaraq may ayı üçün nəzərdə tutulub, lakin rəsmi tarix hələ dəqiqləşdirilməyib. Ukrayna rəhbərliyi, seçkilərin və referendumun ölkədə davam edən münaqişə və logistik çətinliklər fonunda necə keçiriləcəyini ətraflı izah edəcək.
Eyni zamanda Zelenski parlamentdən müharibə dövründə seçkilərin planlaşdırılmasına və keçirilməsinə imkan verən qanun layihəsini tezliklə təsdiqləməyi tələb edəcək. Referendumla bağlı isə o, vətəndaşların gələcək sülh sazişi ilə bağlı fikirlərini öyrənmək istədiyini bildirib və bu səsvermədən sonra sənədin imzalanacağı gözlənilir.
Qeyd edək ki, Volodimir Zelenski 2019-cu ildə Ukraynanın prezidenti seçilib və hazırda 7 ildir ölkəyə rəhbərlik edir. Əvvəlki planlaşdırmaya əsasən, növbəti prezident seçkiləri 2024-cü ilin mart–aprel aylarında keçirilməli idi, lakin müharibə və fövqəladə vəziyyət bu prosesi uzadıb.
Tətbiqimizi yükləyə bilərsiniz