“Xərçəngə səbəb olan bu maddə “Ceyran” peçlərinin içərisinə də qoyulurdu”


Xəbər verdiyimiz kimi, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik təklif edilib.
Yeniavaz.com
xəbər verir ki, dəyişikliyə əsasən, 2027-ci il iyulun 1-dən asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək.
Qeyd edək ki, rayon və kənd yerlərində bir çox evlərin dam örtüyü şiferlə örtülüb. Bu şiferlərin böyük hissəsi asbest-sement materialından hazırlanıb. Uzun illər ucuzluğu və davamlılığı səbəbindən geniş istifadə olunan bu materialın əslində ciddi sağlamlıq riskləri yaratdığı bildirilir.
Bəs asbest şiferlər insan orqanizmi üçün nə dərəcədə təhlükəlidir?
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, asbest kanserogen maddədir və onun xərçəng törətmə xüsusiyyəti beynəlxalq səviyyədə sübuta yetirilib:
“Dünya Səhiyyə Təşkilatının mövqeyi də budur. Onun kanserogen olduğu və xərçəng yaratdığı birmənalı şəkildə sübuta yetirilib. Asbest xüsusilə tənəffüs yollarına mənfi təsir göstərir, bronxları qıcıqlandırır və uzunmüddətli təsir zamanı ağciyər xərçənginə səbəb ola bilər. Həmçinin orqanizmə yayılaraq digər orqanlarda da xərçəng yarada bilər”.

Adil Qeybulla

Professorun sözlərinə görə, hazırda bir çox ölkələrdə asbestin istehsalı və istifadəsi ya tamamilə qadağan edilib, ya da ciddi şəkildə məhdudlaşdırılıb:
“Əslində asbest bu gün sənayedə demək olar ki, istifadə olunmur və asbestli şiferlər hazırda faktiki olaraq qadağandır. Əgər kimsə bunu istehsal edirsə, yəqin ki, bu şərtləri nəzərə almır. Hazırda ranilla deyilən müxtəlif dam örtüklərindən və digər keramika örtüklərindən istifadə olunur. Asbest əvvəllər yüksək temperaturlu yerlərdə iki metal arasında izolyasiyaedici material kimi də tətbiq edilirdi. Keçmişdə evlərdə istifadə olunan “Ceyran” peçlərinin içərisinə də asbestdən ibarət lövhə qoyulurdu. Əslində ev şəraitində bunun saxlanılması zərərlidir”.
Məlumat üçün bildirək ki, ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xaricdən 657,3 ton asbest gətirilib.
Ölkəyə idxal olunan asbestin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43% və ya 197,3 ton artıb.
Asbest Azərbaycana 3 ölkədən – Qazaxıstan, Rusiya və Çindən idxal olunub. İlin ilk 10 ayında ölkəyə Qazaxıstandan 190 ton, Rusiyadan 467,3 ton, Çindən isə təxminən 10 kiloqram asbest gətirilib.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top