
Məlum olduğu kimi, ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana rəsmi səfərinin əsas məqsədlərindən biri də 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP – Trump Route for International Peace and Prosperity) layihəsi çərçivəsində yeni nəqliyyat dəhlizinin yaradılması ilə bağlı görülən və görüləcək işlər olub.
Yeniavaz.com xəbər verir ki, Zəngəzur dəhlizi üzərində həyata keçiriləcək TRIPP layihəsi təxminən 42 kilometrlik nəqliyyat koridoru vasitəsilə Azərbaycanı onun Naxçıvanı ilə birləşdirməyi, həmçinin Şərq-Qərb, Şimal-Cənub logistika marşrutlarını gücləndirməyi hədəfləyir.
Qeyd edək ki, layihənin icrası ABŞ və Ermənistan tərəfindən birgə yaradılan “TRIPP Company” şirkəti vasitəsilə həyata keçiriləcək. Layihədə ABŞ tərəfinin 74%, Ermənistanın isə 26% paya malik olacağı açıqlanıb. TRIPP layihəsinin icrası çərçivəsində dəmir yolu, avtomobil yolları, enerji və rabitə xətlərinin inşası nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, qeyd olunan kommunikasiya xətlərinin böyük bir hissəsi hazırda Ermənistanın Mehri rayonunun Nrnadzor (keçmiş adı Nüvədi) kəndi ərazisindən keçəcək. Nüvədi kəndi Ermənistan, İran və Azərbaycan sərhədlərinin kəsişməsində yerləşir və 1991-ci ilə kimi bu kənddə azərbaycanlılar yaşayıb. Təxminən 42 kilometrlik nəqliyyat koridorunun yarıdan çoxu Nüvədi kəndi və ətraf ərazilərdən keçəcək.
Onu da bildirək ki, hazırda Ermənistan mətbuatında Nüvədi kəndinin coğrafi baxımdan strateji əhəmiyyəti ilə yanaşı, bu ərazinin zəngin təbii ehtiyatlara sahib olmasından bəhs edilir. Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən və əslən Nüvədi kəndindən olan iqtisadçı Allahverdi Aydın bildirir ki, Ermənistanın cənubunda yerləşən ərazilər olduqca zəngin mineral ehtiyatlara sahibdir:
“Ermənistan molibden istehsalı üzrə dünyanın aparıcı ölkələrindən biridir. Ermənistan molibden istehsalında dünyada altıncı yerdədir və təxminən qlobal istehsalın 4%-i bu ölkənin payına düşür. Hazırda “Zəngəzur Mis-Molibden Şirkəti” dünyanın ən böyük 20 molibden istehsalçısından biri hesab edilir. Eyni zamanda məlumdur ki, Ermənistanın Mehri rayonuna bitişik olan Azərbaycanın Ordubad və Zəngilan rayonları da böyük mineral ehtiyatlara sahibdir. Zəngilan rayonu ərazisindəki Vejnəli qızıl yatağı Nüvədi kəndinin yaxınlığında yerləşir. Vejnəli qızıl yatağı ərazisində kəşfiyyat işləri sovet dövründən başlayıb. Zəngilan rayonu işğal altında olduğu zaman burada qanunsuz qızıl hasilatı həyata keçirilib”.
İqtisadçı bildirir ki, ötən əsrin 80-ci illərində Nüvədi kəndi ərazisində də kəşfiyyat işlərinin aparılması ilə bağlı qərar qəbul olunub:
“Maraqlı məqamlardan biri odur ki, kəşfiyyat işlərinin əsl məqsədi yerli əhalidən gizlədilib. Təsəvvür edin ki, 80-ci illərdə Nüvədi kəndi ərazisində çoxsaylı quyular qazılıb. O zaman kənd əhalisinə bu quyuların su çıxarmaq üçün qazıldığı bildirilib. Xatırlayıram ki, hətta qazılan bəzi quyuların ətrafına bu quyulara yaxınlaşmağın təhlükəli olduğu barədə xəbərdarlıq da edilirdi. Yalnız SSRİ-nin dağılmasından təxminən 20 il sonra məlum olub ki, kənd ərazisində aparılan qazıntıların əsl məqsədi mineral ehtiyatlarla bağlı olub. Təxminən 2000-ci illərin əvvəllərində Ermənistan mətbuatında ötən əsrin 80-ci illərində təsdiqlənən layihənin fotoları yayılıb”.
Nüvədi kəndi ərazisində aparılacaq geoloji kəşfiyyat işlərinin xəritəsi – 1984-cü ildə tərtib olunub:

Allahverdi Aydın bildirir ki, 2013-cü ildə Ermənistan hökuməti Nüvədi kəndi ərazisində kəşfiyyat işləri aparmaq üçün “Nariprof” adlı şirkətə lisenziya verib:
“Bu şirkətin sahibi Ermənistanın Daşınmaz Əmlak Kadastrı İdarəsinin keçmiş sədr müavini və millət vəkili Mher Setrakyanın oğlu Davit Setrakyandır”.

Allahverdi Aydın
İqtisadçı bildirir ki, açıq mənbələrdə “TRIPP Company” şirkətinin mineral ehtiyatların kəşfiyyatı və hasilatı ilə məşğul olacağı barədə hər hansı məlumat yoxdur:
“Amma ehtimal etmək olar ki, ABŞ nəqliyyat dəhlizinə paralel olaraq Zəngəzur ərazisindəki zəngin mineral ehtiyatlarla da maraqlanır. Yayılan xəbərlərdən də məlumdur ki, ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana rəsmi səfərindən bir neçə gün əvvəl ABŞ-nin mühəndislik və konsaltinq şirkəti AECOM-dan olan nümayəndə heyəti ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından TRIPP proqramı çərçivəsində ərazi araşdırmaları aparmaq məqsədilə Ermənistana səfər edib. Maraqlı məqamlardan biri də odur ki, AECOM şirkətinin əsas fəaliyyət istiqamətlərindən biri məhz mineral ehtiyatlar və mədənlərlə bağlıdır. AECOM-un fəaliyyəti yalnız ABŞ ilə məhdudlaşmır. Bu şirkət Afrika, Avstraliya və Şimali Amerikada onlarla layihə icra edir. Şirkətin rəsmi saytında da bu barədə geniş məlumatlar mövcuddur. Məsələn, hazırda AECOM Avstraliyada “Kestrel” mədəninin genişləndirilməsi layihəsində yaxından iştirak edir. Görünən odur ki, ABŞ-ni Zəngəzura gətirən amillərdən biri də bu ərazilərin zəngin təbii mineral ehtiyatlarıdır”.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz