
“Roskomnadzor” (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti) Rusiyada “Telegram”ın fəaliyyətini məhdudlaşdırmaq barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə RBK agentliyi mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, “Roskomnadzor” artıq bu gündən xidmətin qismən məhdudlaşdırılması üçün tədbirlər görməyə başlayıb.
Mənbələrdən biri qeyd edib ki, hələlik plan xidməti qismən məhdudlaşdırmaqdır.
Qeyd edək ki, “Telegram” messencerinin rusiyalı istifadəçiləri artıq fevralın 9-dan uzunmüddətli və geniş yayılmış problemlərlə qarşılaşırlar. İstifadəçilər media fayllarını yükləyə, messencerin veb saytına daxil ola və ya mesaj göndərə bilmədiklərini bildirirlər.
Xatırladaq ki, bu, Rusiyada “Telegram”ın məhdudlaşdırılması ilə bağlı ilk hal deyil. 2025-ci ilin avqustunda da “Roskomnadzor” Rusiyada “Meta” şirkətinə məxsus “Telegram” və “WhatsApp”a zəngləri məhdudlaşdırmış və bu məhdudiyyətləri mesajlaşma tətbiqlərinin “fırıldaqçılıq və pul qoparmaq, eləcə də, Rusiya vətəndaşlarını təxribatçı və terrorçu fəaliyyətlərə cəlb etmək” fəaliyyətləri ilə izah etmişdi. 2025-ci ilin oktyabr ayında isə ”Roskomnadzor” cinayətkar fəaliyyətlə mübarizə aparmaq üçün “Telegram” və “WhatsApp”ı qismən məhdudlaşdırdığını elan etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz