
Hava şəraitinin kəskin dəyişməsi bəzi işçilər üçün gündəlik iş rejimini xeyli çətinləşdirir.
Yeniavaz.com xəbər verir ki, havaların həddindən artıq soyuq və ya normadan artıq isti keçdiyi günlərdə işçilər ya işə getməkdə çətinlik çəkirlər, ya da iş prosesində bəzi çətinliklərin yaranması müşahidə olunur.
Bəs hava şəraiti ilə əlaqədar işçilərə qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulubmu?
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən hüquqşünas Sahib Məmmədov bildirib ki, hava şəraiti ilə bağlı məhdudiyyətlər əsasən açıq havada çalışan işçilərə şamil olunur:
“İlin soyuq, isti və ya küləkli dövrlərində açıq havada işləyənlər üçün müəyyən məhdudiyyətlər mövcuddur. Məsələn, havanın temperaturu mənfi 10 dərəcədən aşağı olduqda və küləyin sürəti 3 baldan yuxarı olduqda açıq hava şəraitində işlər dayandırılmalıdır. Eyni zamanda, dənizdə və quruda küləyin gücündən asılı olaraq müxtəlif hallarda da işlərin dayandırılması nəzərdə tutulur. Əgər işin dayandırılması mümkün deyilsə, bu halda əlavə təhlükəsizlik və qoruyucu tədbirlər görülməlidir”.
Hüquqşünas qeyd edib ki, sözügedən hallar Əmək Məcəlləsinin İkinci Əlavəsində nəzərdə tutulub:
“Yalnız bu hallarda — yəni açıq havada temperaturun süni şəkildə tənzimlənməsi mümkün olmadıqda və ya güclü külək olduqda — iş dayandırılmalı və ya iş rejimi elə qurulmalıdır ki, işçilərin sağlamlığına zərər dəyməsin. Bu, Əmək Məcəlləsinin İkinci Əlavəsində göstərilib. Qalan bütün hallar — qar yağması, yolların sürüşkən olması, ictimai nəqliyyatın normal işləməməsi və s. — qanunvericilikdə ayrıca nəzərə alınmayıb. Əgər fövqəladə vəziyyət elan olunmayıbsa, işçi işə gəlməlidir. Bununla belə, ictimai nəqliyyatın işləməməsi və ya yolların təhlükəli olması səbəbindən yaranan qısa gecikmələr işəgötürən tərəfindən üzrlü səbəb kimi qiymətləndirilə bilər”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz