
Yaponiya Ukrayna üçün Amerika silah və avadanlıqlarının alınması üçün NATO proqramına qoşulmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə NHK telekanalı Şimali Atlantika Alyansındakı mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Tokio təşəbbüsün bir hissəsi olaraq radar sistemləri və zirehli gödəkçələr də daxil olmaqla, ölümcül olmayan avadanlıq və ləvazimatlar alacaq.
Telekanalın mənbələri qeyd ediblər ki, Yaponiya hakimiyyəti qərarları barədə bir neçə NATO üzvünü, həmçinin, Ukraynanı məlumatlandırıb. Məsələ ilə rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
NATO mənbələrindən biri qeyd edib ki, hətta öldürücü olmayan avadanlıqlar belə Ukrayna üçün son dərəcə vacibdir və bu baxımdan, Yaponiyanın proqramda iştirakı əhəmiyyətli bir irəliləyişdir.
Söhbət ABŞ Prezidenti Donald Trampın Kiyevə yardımı dayandırmasından sonra ABŞ və NATO tərəfindən irəli sürülən PURL (Ukraynanın Prioritet Tələbləri Siyahısı) təşəbbüsündən gedir. Bu təşəbbüs Şimali Atlantika Alyansı daxilindəki Avropa ölkələrinin hesabına Ukraynaya Amerika istehsalı olan vacib silah və avadanlıqların tədarükünə imkan verir. Tərəfdaş ölkələr Kiyevin prioritet ehtiyaclar siyahısına uyğun olaraq satınalmaları maliyyələşdirir və xüsusi NATO fondu vasitəsilə töhfələri əlaqələndirirlər. Xüsusilə, bu mexanizm vasitəsilə Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemi üçün zenit raketləri alır.
Tətbiqimizi yükləyə bilərsiniz