
ABŞ-nin tətbiq etdiyi sanksiyalar Rusiya neftinin beynəlxalq bazarda satılmasını çətinləşdirdiyindən Rusiyanın neft hasilatı azalıb.
Yeniavaz.com “Bloomberg”ə istinadla xəbər veirr ki, ardıcıl ikinci aydır (2025 dekabr, 2026 yanvar) Rusiyada neft hasilatı azalıb.
Xatırladaq ki, ABŞ, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinə görə 2025-ci ilin oktyabr ayında Rusiyanın ən böyük neft şirkətləri olan “Lukoil” və “Rosneft”ə və onların törəmə şirkətlərinə sanksiyalar tətbiq edib.
Nəşr məlumatlarla tanış olan mənbələrə istinadən yazıb ki, Rusiya yanvar ayında gündə orta hesabla 9,28 milyon barel neft hasil edib və bu, dekabr ayı ilə müqayisədə 46 min barel azdır. Qeyd olunub ki, Rusiya hökuməti neft hasilatı və ixracı ilə bağlı yeni məlumatları gizli saxlayır.
“Neft hasilatının azalması 2025-ci ildə gəlirlərinin təxminən 23%-ni neft və qaz sənayesindən alan Rusiya büdcəsi üçün risklidir. Artıq 2026-cı ilin yanvar ayında neft satışından əldə edilən gəlirlər son beş ilin ən aşağı səviyyəsinə düşüb”, - “Bloomberg” bildirir.
Qeyd olunub ki, hazırda Hind və Sakit okeanlarında ümumilikdə Rusiyaya məxsus təxminən 12 milyon barel neft daşıyan ondan çox tanker var və onlar hələlik alıcı tapa bilməyiblər:
“Ukrayna müdafiə qüvvələrinin neft emalı zavodlarına hücumları da Rusiya üçün problemə çevrilib.
Sığorta brokeri “Mains”in baş direktorunun müavini Yevgeni Borovikov bildirib ki, Ukraynanın neft emalı zavodlarına dron hücumlarından Rusiya neft şirkətlərinin itkiləri bir trilyon rublu keçib.
2025-ci ildə Ukrayna Rusiyanın neft emalı zavodlarına, terminallarına, neft və qaz yataqlarına və boru kəmərlərinə 120-yə qədər hücum təşkil edib”.
Tətbiqimizi yükləyə bilərsiniz