Epşteynlə əlbir olan Maksvell ifadə verməkdən imtina etdi – Trampdan əfv istəyir


Ceffri Epşteynlə əlbir olmaqda təqsirli bilinən Qisleyn Maksvell Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsində ifadə verməkdən imtina edib.
Yeniavaz.com
“ABC News” telekanalına istinadla xəbər verir ki, bu barədə komitə sədri Ceyms Komer məlumat yayıb.
Onun sözlərinə görə, Maksvell ABŞ Konstitusiyasının Beşinci Düzəlişinə istinad edərək, Epşteynlə bağlı sualları cavabsız qoyub.
Belə ki, ABŞ Konstitusiyasına Beşinci Düzəliş özünə qarşı ifadə verməkdən yayınmağa icazə verir.
“Onun və Epşteynin törətdiyi cinayətlər, eləcə də mümkün əlbirlər barədə çoxlu sualımız var idi. Ancaq o, qanunvericilərin heç bir sualına cavab vermədi”, - komitə sədri bildirib.
Texas ştatındakı federal həbsxanada cəza çəkən 64 yaşlı Maksvel dinləmədə videobağlantı vasitəsilə iştirak edib.
Qapalı şəraitdə keçirilən dinləmə bir saatdan az davam edib.
Eyni zamanda, qanunvericilərin bildirdiyinə görə, Maksvellin vəkili müvəkkilinin Epşteynlə tanış olan hazırkı ABŞ Prezidenti Donald Trampın və ya keçmiş prezident Bill Klintonun hər hansı qanun pozuntusu barədə heç bir məlumata malik olmadığını qeyd edib.
Maksvelin vəkili həmçinin, ABŞ Prezidenti Donald Trampın onu əfv edəcəyi təqdirdə, müvəkkilinin Konqreslə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Qisleyn Maksvell 2022-ci ildə yetkinlik yaşına çatmayanların cinsi istismarına görə 20 illik həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, 2026-cı ilin yanvar ayının sonlarında ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı materialların açıqlanmasını başa çatdırıb və bu materiallarda onlarla tanınmış siyasətçi, kral ailələrinin üzvləri və biznes elitasının adları hallanıb. Epşteynin özünə qarşı qaldırılan cinayət işi onun 2019-cu ildə həbsxanada intihar etməsindən sonra dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top