Bazar günü işləyən bu işçilərə əvvəl 87 manat verirdilər, indi 21,8 manat ödəyəcəklər


Məlum olduğu kimi, Əmək Məcəlləsinin 164-cü maddəsinə dəyişiklik edilib.
Yeniavaz.com
xəbər verir ki, Əmək Məcəlləsinin 164-cü maddəsi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsini tənzimləyir.
Qeyd edək ki, 164-cü maddənin 1-ci hissəsinin ikinci və dördüncü (hər iki halda) abzaslarına “gündəlik” sözündən sonra “(saatlıq)” sözü əlavə edilib.
Bu isə o deməkdir ki, əvvəllər istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı “gündəlik” hesablanırdısa, Məcəlləyə edilən dəyişiklikdən sonra saatlıq hesablanacaq.
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının hesablanması qaydasını aşağıdakı nümunə ilə təqdim edirik:
“ABC” MMC adlı müəssisədə işləyən Əhməd adlı işçinin aylıq əməkhaqqı 870 manata bərabərdir.  Əhməd müəssisə rəhbərinin tapşırığı əsasında 8 fevral tarixində – istirahət günündə 2 saat işləyib. 2026-cı ilin istehsalat təqviminə görə fevral ayında iş vaxtı norması 160 saat təşkil edir. Bu isə o deməkdir ki, fevral ayında Əhmədin bir saatlıq əməkhaqqı 5,45 manat təşkil edir (870 / 160 = 5,45).
Qanunun 164-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, əlavə işə görə ödəniş gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamalıdır. Belə olan halda, Əhməd 8 fevral tarixində 2 saat işləyibsə, ona hesablanan ödəniş məbləği 21,8 manat ((5,45 × 2) × 2 = 21,8) olmalıdır.
Məlumat üçün onu da qeyd edək ki, əgər qanunvericiliyə bu dəyişiklik edilməsəydi, 2 saatlıq əlavə iş üçün Əhmədə ödəniləcək vəsait 87 manat olacaqdı. Çünki əvvəlki qaydaya görə əlavə iş saatına görə ödəniş saatlıq deyil, gündəlik hesablanırdı. 2026-cı ilin istehsalat təqviminə görə fevral ayında iş günlərinin sayı 20-yə bərabərdir. Belə olan halda, fevral ayında işçiyə hesablanan gündəlik ödəniş məbləği 43,5 manat (870 / 20 = 43,5) olacaqdı.
Qanunun 164-cü maddəsinin 1-ci bəndinin tələbinə görə, gündəlik tarif maaşının iki mislindən aşağı olmadığı üçün, Əhməd 8 fevral tarixində 2 saat işləsə belə, ona hesablanan ödəniş məbləği 87 manat (43,5 × 2 = 87) olacaqdı.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top