
Onilliklər boyu tədqiqat və inkişafa investisiyalarda dünya lideri olan ABŞ-nin mövqeyi zəifləməkdədir.
Yeniavaz.com Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) məlumatına istinadən xəbər verir ki, sürətli iqtisadi artım sayəsində Çin qlobal elmi-texnoloji güc balansına ciddi şəkildə meydan oxuyur.
Statistik göstəricilərə görə, Çinin qlobal tədqiqat və inkişaf xərclərindəki payı 2000-ci ildə 4 faiz olduğu halda, 2024-cü ildə bu göstərici 27,4 faizə yüksəlib. Asiya ölkələrinin artan fəallığı fonunda Cənubi Koreya və Hindistan da tədqiqat iştiraklarını genişləndirərək regionu qlobal innovasiyaların ön sıralarına çıxarır.
Çin 2024-cü ildə tədqiqat və inkişafa 785,9 milyard dollar sərmayə qoyaraq dünyada birinci yerə yüksəlib. Bu yüksək göstərici əsasən mərkəzləşdirilmiş maliyyələşdirmə modeli ilə izah olunur. Belə ki, tədqiqatların böyük hissəsi enerji, biotexnologiya və qabaqcıl texnologiyalar kimi milli prioritetlərə uyğun fəaliyyət göstərən dövlət laboratoriyaları vasitəsilə həyata keçirilir.
ABŞ isə 781,8 milyard dollar investisiya ilə ikinci yerdə qərarlaşıb. Çinlə müqayisədə Amerika modeli daha çox özəl sektora əsaslanır. “Naked Science” nəşrinin məlumatına görə, “Amazon”, “Alphabet” və digər iri texnologiya şirkətləri qlobal miqyasda tədqiqat və inkişaf sahəsində ən böyük korporativ investorlar sırasında yer alır. Çin və ABŞ birlikdə bütün dünya üzrə innovasiya xərclərinin 54,7 faizini təşkil edir.
Reytinqdə üçüncü pillədə Yaponiya qərarlaşıb. Ölkə 2024-cü ildə tədqiqat və inkişafa 186 milyard dollar sərmayə qoyub. Bununla belə, 2000-ci ildən bəri Yaponiyanın qlobal tədqiqat xərclərindəki payı 7,2 faiz bəndi azalıb. Ölkədə korporativ investisiyalarda “Toyota” liderliyini qoruyur, “Honda” isə mühüm rol oynayır.
Avropa ölkələri də ilk onluqda təmsil olunur. Almaniya dördüncü, Böyük Britaniya altıncı, Fransa isə səkkizinci yerdədir. Lakin hər üç ölkə 2000-ci ildən bəri qlobal tədqiqat və inkişaf xərclərindəki payının bir hissəsini itirib.
Mütəxəssislər hesab edirlər ki, bu tendensiya yaxın illərdə qlobal innovasiya xəritəsinin daha da Asiyaya doğru yönəlməsinə səbəb ola bilər.
Tətbiqimizi yükləyə bilərsiniz