İndoneziya palma yağı ixracını azaldır – Qiymətlər arta bilər


Dünyanın ən böyük palma yağı istehsalçısı olan İndoneziya bu məhsulun ticarətində prioritetlərini dəyişir.
Yeniavaz.com
İndoneziya mediasına istinadən xəbər verir ki, ölkə hökuməti xammalın əsas hissəsini yerli bioyanacaq proqramlarının inkişafına yönəltmək məqsədilə palma yağı ixracını azaltmağı planlaşdırır.
Rəsmi açıqlamada bildirilir ki, xam palma yağı və onun törəmələri əsasən İndoneziyanın daxili enerji ehtiyaclarının ödənilməsi üçün istifadə olunacaq. Yeni siyasətin əsas istiqaməti palma əsaslı biodizel və aviasiya yanacağının istehsalının artırılmasıdır. Bununla yanaşı, palma yağı yüksək əlavə dəyərə malik məhsulların yaradılması üçün strateji xammal kimi tanınıb.
İndoneziya Prezidenti Prabovo Subianto qeyd edib ki, bu addım ölkənin enerji müstəqilliyini gücləndirməyə və daxili bazarda yanacaq xərclərini azaltmağa xidmət edir. Prezidentin sözlərinə görə, palma yağının emalının inkişafı proqramı çərçivəsində 36,86 milyard dollar həcmində investisiyanın cəlb olunması nəzərdə tutulur.
Qeyd edək ki, İndoneziyanın bu qərarı qlobal palma yağı bazarına da təsirsiz ötüşməyə bilər və ixrac həcmlərinin azalması beynəlxalq qiymətlərə təsir göstərə bilər.
Onu da bildirək ki, ötən ilin ilk 10 ayı ərzində Azərbaycana İndoneziya və Malayziyadan 41 min 26,5 ton xam palma yağı idxal edilib. İdxal olunan palma yağının 35 min 768,8 tonu İndoneziyadan, 5 min 257,7 tonu isə Malayziyadan gətirilib.
İndoneziyadan gətirilən palma yağının 1 kiloqramının orta gömrük dəyəri 2,31 manat (1,36 dollar), Malayziyadan gətirilən palma yağının 1 kiloqramının orta gömrük dəyəri isə 2,48 manat (1,46 dollar) olub.

DİGƏR XƏBƏRLƏR

Top