“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmayıb


Azərbaycan Əvəzedicilər Liqasının XV turunda baş tutan “Neftçi-2” – “Qarabağ-2” qarşılaşması diqqətçəkən məqamlarla yadda qalıb.
Yeniavaz.com
xəbər verir ki, Ağdam klubunun azarkeşlərinin “Palm Sports Arena”nın IV ehtiyat meydançasında keçirilən oyuna girişinə icazə verilməyib.
Bildirilir ki, bu qərar son vaxtlar azarkeşlər arasında müşahidə olunan gərginlik fonunda qəbul edilib. Belə ki, hər iki klubun rəhbərliyi razılığa gələrək, mümkün xoşagəlməz halların qarşısını almaq məqsədilə müvəqqəti olaraq rəqib komandanın fanat qruplarının stadiona buraxılmaması barədə ortaq qərar verib.
Qeyd olunur ki, bu məhdudiyyət yalnız əvəzedicilər liqasına aiddir və Premyer Liqa oyunlarını əhatə etmir.
Xatırladaq ki, son günlər “Qarabağ” və “Neftçi” azarkeşləri arasında münasibətlər daha da gərginləşib. “Qarabağ” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirəcəyi oyunla əlaqədar Premyer Liqanın XXV turunda fevralın 21-nə təyin olunan “Neftçi” ilə matçın təxirə salınmasını istəyib. Bakı klubu isə bu təkliflə razılaşmayıb. Daha sonra “Qarabağ” rəhbərliyinin rəsmi qurumlara müraciətindən sonra qarşılaşmanın təxirə salınacağı ehtimal olunur.

DİGƏR XƏBƏRLƏR

Top