
Yunanıstan Kəşfiyyat və Əks-Kəşfiyyat Xidməti (EYP) Çinə məxfi məlumat ötürməkdə şübhəli bilinən Yunanıstan Hərbi Hava Qüvvələrinin polkovnikini həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yunanıstanın “ERT-News” telekanalı məlumat yayıb.
Məlumata görə, o, telekommunikasiya, rəqəmsal və elektron tətbiqlər haqqında məxfi məlumatları Çinə ötürməkdə şübhəli bilinir.
EYP 128-ci Təlim Eskadrilyasının komandirini keçən ilin oktyabr ayından bəri nəzrət altında saxladığını bildirib.
Dindirmə zamanı 50 yaşlı zabit Çinə məxfi məlumatlar ötürdüyünü etiraf edib və Çindəki çinli operatorunun adını çəkib.
Kanal qeyd edir ki, həbs zabitin Çindəki operatoruna yenilənmiş məlumat göndərmək üzrə olduğu vaxtdan qısa müddət əvvəl baş verib.
O, sənədlərin şəklini çəkmək və onları şifrələnmiş proqram təminatı vasitəsilə Çinə ötürmək üçün xüsusi cihazdan istifadə edib.
Zabitin qərargahda xidmət edərkən NATO texnologiyalarına, eləcə də, yüksək texnologiyalı Hərbi Hava Qüvvələri planlarına, aktivlərinə və proqramlarına çıxışı olduğu bildirilir.
Onun bu məlumatları Çinə ötürdüyü iddia edilir.
Hazırda hərbçilər zabitin ətrafını Yunanıstan daxilində başqalarını cəlb etmək və şəbəkə qurmaq üçün həmkarları ilə əlaqə saxlamaq cəhdləri ilə bağlı araşdırır.
Zabit 10 fevrala qədər həbsdə saxlanılacaq və sonra hərbi prokuror qarşısına çıxarılacaq.
Zabitin vəkili bildirib ki, o, təmkinli davranır və istintaqla əməkdaşlıq edir.
Tətbiqimizi yükləyə bilərsiniz