Sülh Şurasının ilk iclası bu tarixdə planlaşdırılır


Ağ Ev 19 fevralda Vaşinqtonda Qəzza Sülh Şurasının iclasını keçirməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
“Bu, Sülh Şurasının ilk iclası, həmçinin, Qəzzanın yenidən qurulması üçün vəsait toplama konfransı olacaq”, - ABŞ-nin rəsmi mənbəsi bildirib.
Portalın məlumatına görə, Ağ Ev görüşün Fələstin anklavında nizamlama planının ikinci mərhələsinin həyata keçirilməsinə kömək edəcəyinə ümid edir.
Portalın mənbələri bildirib ki, görüş əvvəllər ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılan Amerika Birləşmiş Ştatları Sülh İnstitutunda (USIP) baş tuta bilər.
Danışıqların Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında ilk görüşdən bir gün əvvəl aparılması gözlənilir.
Digər tərəfdən, fevralın 6-da Vaşinqton administrasiyası onlarla ölkə ilə liderlərin dəvəti və tədbirin logistikası ilə bağlı məsələləri müzakirə etmək üçün əlaqələrə başlayıb. Ancaq dəvət ediləcək ölkələrin siyahısı təqdim edilməyib.
Portalın qeyd etdiyinə görə, görüş planlarının dəyişmək ehtimalı da yox deyil.
Qeyd edək ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nın yaradıldığını elan edib. Amerika lideri Avropa Komissiyasının və Rusiya, Ukrayna və Çin də daxil olmaqla 50-dən çox ölkənin nümayəndələrini iclasda iştirak etmək üçün dəvət edib. Təşkilat əvvəlcə Qəzza Sülh Şurası adlandırılsa da, sonradan yeni beynəlxalq qurumun mandatının Fələstin anklavından kənara çıxacağı məlum olub. Avropa liderləri də öz növbəsində Trampın təkliflərinə xeyli şübhə ilə yanaşıblar. “Bloomberg” agentliyi bildirib ki, Avropa ölkələri Sülh Şurasının şərtlərini dəyişdirmək üzərində işləyir və ərəb ölkələrini də Trampa düzəlişlər etmək üçün təzyiq göstərməyə inandırmağa çalışırlar.

DİGƏR XƏBƏRLƏR

Top