
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 10-cu sinif şagirdi ov silahı ilə müəllimə xəsarət yetirib.
Yeniavaz.com xəbər verir ki, hadisə cəmiyyətdə ciddi rezonans doğuraraq orta məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.
Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrdə məktəblərdə təhlükəsizlik tədbirlərinin yetərincə səmərəli təşkil olunmaması ilə bağlı tənqidi fikirlər səsləndirilir. Bir çoxları bu cür halların qarşısının vaxtında alınmamasını mövcud nəzarət mexanizmlərinin zəifliyi ilə əlaqələndirir.
Bəs görəsən, orta məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bu kimi xoşagəlməz hadisələrin qarşısını almağa nə dərəcədə imkan verə bilər?
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bir məktəbdə 2–3 min şagird təhsil alır:
“Bu qədər uşağın hər birinin çantasını və üzərini yoxlamaq nə vaxt, nə də praktiki baxımdan mümkündür. Şagirdin çantasında silah da, bıçaq da, digər təhlükəli əşyalar da ola bilər”.
Elçin Bayramlı vurğulayıb ki, aqressiv davranışların kökündə ailə tərbiyəsinin zəifliyi dayanır:
“Əgər uşağa ailədə düzgün tərbiyə verilməyibsə, məktəbdə tətbiq olunan heç bir inzibati tədbir real nəticə verməyəcək. Sağlam tərbiyə almayan, aqressiv və eqoist psixologiya ilə böyüyən uşaq gec-tez problem yaradacaq. Bu, qaçılmazdır”.
Ekspertin sözlərinə görə, nəzarətsiz smartfon istifadəsi və zorakılıq məzmunlu kompüter oyunları da uşaqların psixologiyasına ciddi zərər vurur:
“Azyaşlı uşaqların əlinə nəzarətsiz şəkildə smartfon verilir. Onlar internetdə müxtəlif psixotron təsirlərə məruz qalırlar. Qanlı və zorakılıq dolu oyunlar uşaqlarda aqressiyanı artırır və bu aqressiya məktəb mühitində açıq şəkildə özünü göstərir”.
Elçin Bayramlı məktəb psixoloqlarının fəaliyyətini də tənqid edib:
“Məktəb psixoloqlarının fəaliyyəti demək olar ki, sıfıra bərabərdir. Ümumiyyətlə, onlar heç nə etmir və edə də bilmirlər. Problemin həlli valideyn məsuliyyətinin artırılmasından keçir. Belə hadisələr törədən uşaqların valideynləri mütləq şəkildə cəzalandırılmalıdır. Valideyn bir dəfə cəzalandırılsa, övladının tərbiyəsinə daha ciddi yanaşar. Problemin qarşısını almağın yeganə yolu budur”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz