“Son vaxtlar uşaqların aqressiv davranışları narahatlıq doğurur” − Ombudsman


Son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatçılıq doğurur.
Yeniavaz.com
xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) uşaqların iştirakı ilə baş vermiş neqativ hallarla bağlı açıqlamasında yer alıb.
Bildirilib ki, uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların davranışlarına, o cümlədən onların rəqəmsal platformalardan istifadə etmələrinə nəzarət edilməsi uşaqların və ümumilikdə cəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar verilib, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunub”.
Açıqlamada qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərin də danılmaz rol oynadıqları, onların uşaqlarının tərbiyəsinə, sağlamlığına və psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları vurğulanıb.
Ombudsman “İdrak” liseyində baş vermiş insidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılmasına da toxunub:
“Bir daha media nümayəndələrinə “Media haqqında” və “Uşaq hüquqları haqqında” qanunların, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın və digər hüquqi aktların tələblərini xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə dəvət edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top