Həyat da bir şahmatdır


(Həyat dərsi)  
 
Bir gənc var idi. Bu gənc elə gənc yaşlarında böyük uğurlar qazanmış, atasından miras qalan işi bir az da böyüdərək varlanmışdı. Ətrafda hamı ona hörmət edirdi. Ancaq onun böyük bir dərdi var idi. İnsanlara yuxarıdan aşağı baxmağa başlamışdı. Onun üçün vacib heç bir iş, heç bir şey, heç bir insan qalmamışdı. Danışanları bir-iki dəqiqədən çox dinləyə bilmirdi. Oxumağa başladığı bir şeyi çox keçməmiş bir kənara atırdı.
Dərdinə bir çarə tapmaq üçün dünyagörmüş bir qocanın yanına getdi. Qoca onu diqqətlə dinlədi. Sonra: “Məgər həyatda zövq aldığın, ya da hər şeydən çox diqqətini cəlb edən bir şey yoxdur?” - deyə soruşdu. Gənc bir qədər fikirləşəndən sonra: “Şahmat”, - deyə cavab verdi. Sonra: “Ancaq şahmatı da çox yaxşı oynadığım üçün özümə bir rəqib tapa bilmirəm”, - dedi.
Qoca razılıq əlaməti olaraq başını yellədi. Sonra: “Burada mənim bir tələbəm var. O yaxşı şahmat oynamağı bacarır. Əgər etiraz etmirsənsə, onunla oynaya bilərsən”, - dedi.
Bir azdan qoca tələbəsini çağırdı. Oyuna başlamaq istəyirdilər ki, birdən qoca: “Ancaq bir şərtim var: Uuduzan başını da uduzacaq”, - dedi. Tələbə tez razılaşdı. Gənc də ona baxıb: “Mən də razıyam”, - dedi.
Oyun başladı. “Hər şeyi bacaran”, “hər işdə uğur qazanan” gənc muncuq-muncuq tər tökürdü. Heç bir hücumu fayda vermir və hər hücumu boşa çıxırdı. Bir qədər sonra isə əməlli-başlı gücdən düşdü. Rəqibi kəskin hücumlarla gənci sıxışdırmışdı. Bir anlığa qocaya baxdı. Gözlərində dəhşətli bir qorxu var idi. Qoca gözlənilmədən şahmat taxtasını dağıtdı: “Kifayətdir, artıq heç kim başını “uduzmayacaq”.
Qocanın bu hərəkəti onu çaşdırmışdı. Nəhayət, qoca son nöqtəni qoydu: “Artıq diqqətini toplamaq nədir, öyrəndin. İnsanlara yuxarıdan aşağı baxmaq necədir, gördün. Çünki hər dəqiqə ölümü yanında hiss etdin. Ən əsası isə həyatın qiyməti nədir, anladın. Yəqin ki, başqa sözə ehtiyac yoxdur”.
Və o gün gənc orada həyatının ən böyük dərsini aldı.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top