“İnsan bilmir, dərdini çəksin, yoxsa gələn qonaqları qarşılasın...”


Yas mərasimlərində ən çox səsləndirilən ifadələrdən biri budur: “Ehsan verməsək, ayıb olar”. Bu “ayıb” anlayışı isə çox vaxt aydın izah edilmir. Görəsən, söhbət dini bir öhdəlikdən gedir, yoxsa illər ərzində formalaşmış sosial təzyiqdən?
Dəfn mərasimindən dərhal sonra açılan süfrələr, iki-üç çeşid yemək, şirniyyatlar bu sualı daha da aktuallaşdırır. Maddi imkanı aşağı olan ailələr borca düşür, yas isə təsəlli məkanı olmaqdan çıxaraq nümayişə çevrilir.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan sosioloq Nailə İsmayılova bildirir ki, keçmişdə bir evdə yas düşəndə sadə çay süfrəsi açılardı:
“Keçmiş adət-ənənələrimizə nəzər salsaq, dəfn mərasimi bitənə qədər ailə evdə sadə çay süfrəsi açardı. Gələn qonaqlara bir stəkan çay və halva verilərdi ki, yol gəlmiş, yorulmuşdular. Eyni zamanda, yas düşən evin sahibləri də böyük stress keçirirdilər. Buna görə qonşular və qohum-əqrəba yas sahiblərini bəzi qayğılarından azad etmək üçün çay süfrəsi təşkil edirdilər”.

Nailə İsmayılova

Sosioloq qeyd edir ki, yas mərasimləri zamanla mahiyyətindən uzaqlaşaraq təmtərağa çevrilib:
“Sonradan 3, 7 və 40 mərasimləri kimi anlayışlar yaranıb və illər keçdikcə bu proses genişlənib. Birincisi, 3 və 7 mərasimləri arasında vaxt çox qısadır və bunları ləğv etmək olar. Heç olmasa bir gün mərhumun ruhunun şad olması üçün insanların xoş fikirlər söyləməsi, onun keçmişi ilə bağlı xatirələrini paylaşması və yas sahibinə təsəlli verməsi kifayətdir. Lakin biz bunu daha qabardılmış şəkildə təqdim edirik və bu artıq bir yarışa çevrilir. Yas mərasimləri sadə formada keçirilməli, abartılı və təmtəraqlı olmamalıdır. İnsan bilmir, öz dərdini çəksin, yoxsa gələn qonaqları təmtəraqla qarşılasın”.

Bəs İslamda yas zamanı ehsan süfrəsi açmaq vacibdirmi?
Heydər məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev isə Yeniavaz.com-a açıqlamasında bildirir ki, İslamda əsas vacib olan dəfn mərasimidir, hüzür və ehsan isə imkan daxilində və israfa yol verilmədən yerinə yetirilməlidir:
“İslam dininə görə vacib olan dəfn mərasimidir. Bunun xaricində üç gün hüzür saxlamaq müstəhəb əməldir. Allah Rəsulunun (s) sünnəsinə uyğun olaraq, insanlar bu müddət ərzində hüzür sahibinin yanında olar, onun xərcə düşməməsi və çətinlik yaşamaması üçün dəstək göstərərdilər. Bu gün isə vəziyyət bir qədər fərqlidir. Hüzür sahibinin maddi imkanı olsa da, olmasa da, ehsan verməyə çalışır və hətta borca da düşür. Belə hallarda el qınağından çəkinmədən, yorğanına görə ayağını uzatmaq lazımdır. Əgər maddi imkan varsa, israfa yol vermədən ehsan verməkdə qəbahət yoxdur”.

Rüfət Qarayev

O qeyd edib ki, Allah ehsanı qadağan etmir, lakin israfı sevmir:
“İstər hüzür məclisi olsun, istərsə də digər məclislər, Allah ehsan verməyi, yəni yaxşılıq etməyi qadağan etmir. Amma israf olmamalıdır. Bu, təkcə yas mərasimlərinə deyil, həyatımızın bütün sahələrinə aiddir. Qurani-Kərimdə buyurulur: “Allah israf edənləri sevməz”. Biz də çalışmalıyıq ki, israfdan uzaq duraq və Allahın sevmədiyi bəndələrdən olmayaq”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top