
Kriptovalyuta sənayesi son həftələrdə ciddi dəyər itkisi ilə üzləşib.
Yeniavaz.com “Biznes Media”ya istinadən xəbər verir ki, bir həftə ərzində əksər kriptovalyuta aktivlərinin qiyməti demək olar ki, iki dəfə azalıb.
Bazarın aparıcı aktivi olan “Bitcoin” ötən il qeydə alınan rekord səviyyədən 53% ucuzlaşaraq 60 min dollar həddinə enib. “Ethereum” da oxşar dinamika nümayiş etdirib.
Bildirilir ki, kriptovalyuta sektoru hazırda “həddindən artıq qorxu” mərhələsindədir.
Mütəxəssislər bildirirlər ki, son bir ayda baş verən proseslər əvvəlki illərin kripto böhranlarından fərqlənir. Əvvəllər bazar enişləri əsasən iri kriptobirjaların iflası və ya fırıldaq sxemlərinin ifşası ilə bağlı idisə, hazırkı tənəzzül daha çox qlobal makroiqtisadi qeyri-müəyyənlik və treyderlərin aqressiv likvidasiyaları ilə izah olunur.
Analitiklərin fikrincə, əsas təsiredici amillərdən biri ABŞ Federal Ehtiyat Sistemində (FED) mümkün kadr dəyişikliyi və yeni rəhbər kimi adı çəkilən Kevin Uordun sərt pul siyasətini davam etdirəcəyi gözləntiləridir. Bu isə riskli aktivlərə, o cümlədən kriptovalyutalara marağın azalmasına səbəb olur. Faiz dərəcələrinin yaxın zamanda sürətlə endirilməyəcəyi ehtimalı institusional investorları “Bitcoin” və “Ethereum” kimi yüksək dəyişkənliyə malik aktivlərdən uzaqlaşdırır. Son günlərdə kripto ETF-lərindən (Exchange Traded Fund) kapital axını da bu tendensiyanı təsdiqləyir.
Bazar üzərində əlavə təzyiq yaradan amillərdən biri də maynerlərin “təslim olma” mərhələsinə keçməsidir. “Bitcoin”in yarıya endirilməsindən sonra mayninq gəlirlərinin azalması bir çox kiçik və orta ölçülü maynerləri zərər vəziyyətinə salıb. Xərcləri qarşılamaq üçün onlar ehtiyatlarında saxladıqları kriptovalyutaları satışa çıxarmağa məcbur qalırlar ki, bu da qiymətlərin daha da enməsinə səbəb olur.
Eyni zamanda, kriptobirjalarda leverajlı əməliyyatların yüksək payı likvidasiya dalğasını gücləndirib. Qiymətlərin düşməsi borc vəsaiti hesabına açılmış mövqelərin avtomatik bağlanmasına gətirib çıxarır və bu proses domino effekti yaradaraq enişi sürətləndirir.
Qiymət azalması xüsusilə pərakəndə investorların əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Rekord səviyyələrdə kriptovalyuta alan və sürətli gəlir gözləyən təcrübəsiz investorlar hazırkı vəziyyətdə ciddi itkilərlə üzləşiblər.
Bundan başqa, siyasi gözləntilərin doğrulmaması da bazarda nikbinliyi zəiflədir. Prezident Donald Trampın hakimiyyəti dövründə kripto siyasətinin liberallaşacağına dair ümidlər olsa da, indiyədək bu istiqamətdə konkret addımlar atılmayıb. Trampın elan etdiyi “Bitcoin” üçün strateji ehtiyat planı isə reallaşmayıb.
Ekspertlər hesab edirlər ki, kripto sənayesinin əsas problemlərindən biri onun uzun müddət emosional gözləntilər üzərində qurulmasıdır. Yeni hekayələr qiymət artımına səbəb olsa da, bu hekayələr zəiflədikdə real tələbin məhdudluğu üzə çıxır.
Artan geosiyasi risklər, xüsusilə Yaxın Şərqdə mümkün yeni münaqişə ehtimalları da investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olur. Bütün bu amillər kriptovalyuta bazarındakı kəskin dəyər itkisini şərtləndirən əsas səbəblər kimi göstərilir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz