Tramp Macarıstandakı seçkilərdə Orbanı dəstəklədiyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn parlament seçkiləri ərəfəsində Macarıstanın Baş naziri Viktor Orbanı açıq şəkildə dəstəklədiyini bəyan edib.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, Tramp Orbanı ölkəsinin milli maraqlarını qoruya bilən “həqiqətən güclü və qüdrətli lider” kimi xarakterizə edib.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton və Budapeşt arasında son illərdə müşahidə olunan yüksək səviyyəli əməkdaşlıq məhz Viktor Orbanın siyasi xəttinin nəticəsidir. Tramp vurğulayıb ki, ikitərəfli münasibətlərin möhkəmlənməsi həm siyasi, həm də iqtisadi sahələrdə özünü göstərir.
Xatırladaq ki, ötən ilin noyabrında Viktor Orban Ağ Evdə ABŞ Prezidenti ilə görüşüb. Həmin görüş zamanı ABŞ-nin Rusiya enerji şirkətlərinə tətbiq etdiyi sanksiyaların Macarıstana şamil olunmaması və Budapeştin ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısında olan şirkətlərdən enerji resursları idxal edə bilməsi barədə razılıq əldə edilib. Səfər çərçivəsində tərəflər ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da müzakirə ediblər.
Qeyd edək ki, Macarıstanda parlament seçkiləri 12 aprel 2026-cı ildə keçiriləcək. Hakim “Fidesz” partiyasının əsas rəqibi eyni siyasi birliyin keçmiş üzvü Peter Magyar tərəfindən yaradılan “Tisza” partiyasıdır. “Politico” nəşrinin dərc etdiyi son sorğulara əsasən, “Tisza” partiyası “Fidesz”dən təxminən 10 faiz irəlidədir və 50 faizlik dəstək həddinə yaxınlaşır.
Analitiklərin fikrincə, qarşıdan gələn seçkilər Viktor Orban üçün son 16 ildə ən çətin siyasi sınaqdır. Onlar bildirirlər ki, baş nazirin reytinqinin zəifləməsinin əsas səbəbləri ölkədə pisləşən iqtisadi vəziyyət, elit korrupsiya ilə bağlı ittihamlar və Avropa Birliyi ilə münasibətlərin ciddi şəkildə gərginləşməsidir. Bu amillər Macarıstanın inkişafı üçün vacib olan Brüsseldən milyardlarla avro maliyyə yardımından məhrum qalmasına da səbəb olub.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top