
Sosial şəbəkələrdə davranışla bağlı dərsliklərin hazırlanması təklif olunur.
Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu parlamentin plenar iclasında çıxışı zamanı bildirib.
Millət vəkili çıxışında qeyd edib ki, sosial şəbəkələrdə davranışla bağlı dərsliklər hazırlanmalıdır:
“Gənclərin sosial şəbəkələrdə etik davranışı, bu platformalarda hüquq və hüquq pozuntuları ilə bağlı dərsliklər hazırlanmalı və yuxarı sinif şagirdlərinə tədris edilməlidir. Bu yanaşma gənclərin real cəmiyyətdə hiss etdikləri ictimai məsuliyyəti virtual məkanda da dərk etmələrinə kömək edəcək”.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu təklifin tətbiqinin hansı effekti verəcəyi sual altındadır:
“Ayrıca dərs vəsaitinin hazırlanması və tətbiq olunması, düşünürəm ki, nə praktikada mövcuddur, nə də dünya təcrübəsində geniş yayılıb. Məncə, Azərbaycanda da bunun tətbiqinin hansı effekti verəcəyi sual altındadır. Bunun üçün xüsusi ixtisasların açılması, həmin fənnin tədrisi ilə məşğul olan müəllimlərin yetişdirilməsi, yəni maddi-texniki bazanın formalaşdırılması tələb olunur. Qısacası, yaxın zamanlar üçün mən bunun tətbiqini nə təsəvvür edirəm, nə də gözləyirəm”.

Məzahir Məmmədli
Ekspertin fikrincə, şagird davranışının qiymətləndirilməsi təhsil prosesinə müsbət təsir göstərə bilər:
“Mən belə hesab edirəm ki, ənənəvi təhsil sistemində olduğu kimi, şagird davranışının qiymətləndirilməsi və yekunda təlim-tərbiyə ilə bağlı müəyyən dəyərləndirmələrin aparılması faydalı ola bilərdi. Bəlkə də bunun geri qaytarılması təhsilimizə müəyyən töhfə verə bilər. Çünki yekunda attestat verilərkən bu qiymətləndirmə sinif rəhbəri tərəfindən tətbiq olunsa, daha məqsədəuyğun olar”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz