
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Cəbrayıl rayonunda televizor istehsalı zavodunun tikintisi üçün icazə verib.
Yeniavaz.com xəbər verir ki, Baş İdarə televizor istehsalı zavodunun tikintisinə 23 yanvar 2026-cı il tarixli ETİ-01/26 saylı sənəd əsasında icazə verib.
Açıqlanan məlumatlarda göstərilir ki, 3 dekabr 2025-ci il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-4026/2025 saylı, həmçinin 19 noyabr 2025-ci il tarixində tikinti layihəsinə dair 40712 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən televizor istehsalı zavodunun tikinti sahəsi 3 707,65 kv. metr, ümumi sahəsi 4 944,9 kv. metr, mərtəbələrinin sayı isə 1 və 2 olacaq.
Məlumat üçün bildirək ki, televizor istehsalı zavodunun sifarişçisi “Taube Electronics” MMC-dir (VÖEN – 1406956881). Nizamnamə kapitalı 1 milyon manat olan “Taube Electronics” MMC-nin qanuni təmsilçisi Şıxəliyev Aris Valis oğludur.
Qeyd edək ki, Aris Şıxəliyev eyni zamanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ölkənin aparıcı mağazalar şəbəkələrindən birinin – “İrşad Electronics” MMC-nin (VÖEN – 1404510051) direktorudur.
Yalnız Azərbaycan bazarında satılan Çin istehsalı “Taube”ni Almaniya brendi kimi təqdim edənlər var
Məlumat üçün bildirək ki, Azərbaycanda “Taube” adı ilə müxtəlif məişət texnikası – televizor, soyuducu, kombi, paltaryuyan, kondisioner və s. satılır. “Taube” adlı məhsullar əsasən “İrşad Electronics” mağazalarında satılır. Digər aparıcı şəbəkə mağazalarından olan “Kontakt Home”də olduqca az sayda “Taube” məhsulu satılır. “Baku Electronics” mağazalarında isə bu adda məhsul satılmır.
Onu da qeyd edək ki, açıq internet resurslarında Azərbaycandan başqa heç bir ölkədə “Taube” adlı məişət texnikasının satılmasına aid məlumat mövcud deyil. Bu adda bir brend haqqında yeganə məlumat “taube-global.com” saytında yerləşdirilib. Saytda məlumatlar ancaq ingilis dilində təqdim olunur. Brendin hansı ölkəyə məxsus olduğu açıqlanmır. Saytda e-mail ünvanından başqa heç bir əlaqə vasitəsi mövcud deyil.
“İrşad Electronics” mağazalarında satılan “Taube” məhsullarının Çində istehsal edildiyi qeyd olunub. “Kontakt Home” isə bu məhsulun istehsalçı ölkəsi barədə məlumat vermir.
Ölkənin aparıcı onlayn satış şəbəkələrindən olan “Birmarket”də isə satışa çıxarılan bir çox “Taube” məhsulunun Almaniya brendi olduğu və Çində istehsal edildiyi göstərilib. Məsələn, “Birmarket”də “Onlu.az” adlı satıcı “Taube” paltaryuyan maşınını, yaxud “Samsung Sədərək” adlı başqa bir satıcı “Taube” televizorunu Almaniya brendi kimi təqdim edir.

Cəbrayılda televizor istehsalı zavodu inşa etmək istəyən “Taube Electronics” MMC-nin adına bənzəyən Almaniyanın məşhur “Taube Electronic GmbH” şirkəti var. Bu şirkət isə nə Almaniyada, nə də Çində məişət texnikası məhsullarının istehsalı ilə məşğul olmur.
Xatırladaq ki, daha əvvəl digər bir aparıcı məişət texnikası satıcısı olan “Kontakt Home” uzun müddət müştərilərə Çin istehsalı olan “Hoffmann” adlı məişət texnikası məhsullarını məşhur Almaniya brendi kimi təqdim edib.
“Kontakt Home”un məhsulu haqqında araşdırma başladı – Yeniavaz.com 4 il əvvəl yazmışdı
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz