“İranı dərhal tərk edin” – ABŞ-dən xəbərdarlıq


ABŞ-nin Tehrandakı virtual səfirliyi İranda yaşayan ABŞ vətəndaşlarına müraciət edərək, onları təcili şəkildə ölkəni tərk etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, diplomatik missiyanın yaydığı mətbuat açıqlamasında mövcud təhlükəsizlik və kommunikasiya şəraiti səbəbindən vətəndaşların İranda qalmasının ciddi risklər yaratdığı bildirilir.
Açıqlamada amerikalılardan dəniz və hava yolu ilə səyahət etməmələri, İranı yalnız quru yolu ilə tərk etmələri xahiş olunur. Səfirlik qeyd edir ki, kütləvi internet kəsintiləri, yolların bağlanması və ictimai nəqliyyata tətbiq edilən məhdudiyyətlər zaman keçdikcə ölkədən çıxışı daha da çətinləşdirəcək. Bildirilir ki, ABŞ-nin Tehranda rəsmi səfirliyinin olmaması səbəbindən diplomatik missiya vətəndaşların təhlükəsizliyini təmin edə bilmir.
Virtual səfirlik ölkəni tərk edə bilməyən ABŞ vətəndaşlarına qida, su, dərman və digər zəruri ehtiyatları öncədən toplamağı, ictimai yerlərdə görünməkdən və kütləvi etiraz aksiyalarında iştirakdan çəkinməyi tövsiyə edib.
Açıqlamada vurğulanır ki, hazırda amerikalılar üçün İrandan çıxmağın ən təhlükəsiz və nisbətən rahat yolu Ermənistan və Türkiyə üzərindən quru sərhədlərini keçməkdir. Qeyd olunub ki, bu ölkələr ABŞ vətəndaşlarına vizasız giriş imkanı yaradır.
Bununla yanaşı, virtual səfirlik bildirir ki, Türkmənistanın quru sərhədləri açıqdır, lakin ABŞ vətəndaşları bu ölkəyə keçid üçün əvvəlcədən Türkmənistan hökumətindən xüsusi icazə almalıdırlar. Qeyd olunur ki, bu proses ABŞ-nin Aşqabaddakı səfirliyi vasitəsilə əlaqələndirilir.
Açıqlamada həmçinin vurğulanır ki, Azərbaycanın quru sərhədləri adi nəqliyyat üçün bağlı qalır. İrandan təcili çıxış zərurəti yaranan ABŞ vətəndaşlarına əvvəlcə digər mövcud marşrutları nəzərdən keçirmək tövsiyə olunur. Alternativ yollar mümkün olmadıqda, Azərbaycana giriş yalnız rəsmi təsdiq əsasında mümkündür və bu halda uzadılmış gözləmə müddətləri ola bilər.
Qeyd edək ki, ABŞ-nin Tehrandakı virtual səfirliyinin bu çağırışı Omanda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında keçirilən diplomatik görüşlə eyni vaxta təsadüf edir. Görüşdə İranın nüvə proqramı, ballistik və digər raket potensialı, eləcə də Tehranın regiondakı müttəfiq silahlı qruplara verdiyi dəstək məsələlərinin müzakirə olunacağı bildirilir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top