
Bəzi ölkələrdə işçilər üçün iş yerində günorta yuxusu artıq adi iş mədəniyyətinin bir hissəsinə çevrilib.
Yeniavaz.com xəbər verir ki, günorta yuxusunun iş fəaliyyətini artırdığına inanan bəzi şirkətlər işçilərinə iş yerində yatmaq üçün şərait yaradır.
İspaniyada günorta yeməyindən sonra yatmaq ənənəsi “siesta” adı ilə tanınır.
Qeyd edək ki, “siesta” latın dilindəki “hora sexta” sözündən yaranıb və “altıncı saat” və ya “günorta vaxtı” mənasını verir. “Siesta” bəzən “ispan yoqası” da adlandırılır.
Günorta yuxusu üçün ən ideal saat 14:00–16:00 arası hesab olunur və bunun üçün 60–90 dəqiqə kifayətdir. Bu cür təcrübə artıq bir sıra ölkələrdə tətbiq olunur.
Məsələn, Yaponiyada günorta yuxusuna “inemuri” deyilir. Bir çox şirkətlər işçilərin qısa müddətli dincəlməsi üçün ayrıca otaqlar ayırır. Hətta bəzi hallarda iş masasının arxasında başını masaya qoyaraq yatmaq da normal qarşılanır.
Bəs bu praktika Azərbaycanda tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, Azərbaycan Əmək Məcəlləsinə əsasən işçilərin bir saat fasilə hüququ var:
“8 saatlıq iş rejimində fasilənin vaxtı daxili qaydalara uyğun olaraq tənzimlənir. Adətən bu, saat 13:00–14:00 arası olur. İşçi bu vaxt ərzində istəsə dincələ, istəsə nahar edə və ya gəzintiyə çıxa bilər. Amma əsas məsələ iş yerində bunun üçün şəraitin olub-olmamasıdır”.
Hüquqşünasın sözlərinə görə, iri beynəlxalq şirkətlərdə belə imkanların yaradılması mümkün olsa da, bu, bütün müəssisələr üçün real deyil:
“Nike”, “Google” və ya “Meta” kimi şirkətlərdə bu şərait yaradılırsa, bu o demək deyil ki, hər bir iş yerində istirahət üçün imkan var. Bu, işəgötürən üçün əlavə xərclər deməkdir. Ofis şəraitində işçi fasilə zamanı masasının arxasında qısa müddət yuxulaya bilər. Amma zavod, fabrik, yol təmiri və ya açıq sahə işlərində bu, təbii ki, mümkün deyil”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz