Rusiya kosmosda nüvə partlayışları edə bilər? – Mask dronlarını blokladı


“SpaceX” şirkəti Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının “Starlink”dən istifadəsinin qarşısını almaq üçün texniki məhdudiyyət tətbiq edib.
Yeniavaz.com
xarici KİV-lərə istinadən xəbər verir ki, bu addım Ukrayna tərəfindən dəstəklənsə də, Rusiyada sərt reaksiya və kosmosda nüvə silahlarından istifadə ilə bağlı ritorikanın yenidən gündəmə gəlməsinə səbəb olub.
Məsələ yanvarın əvvəlində Ukrayna tərəfinin vurulan Rusiya dronlarında “Starlink” terminallarının aşkar edildiyini açıqlamasından sonra kəskinləşib. Bildirilib ki, bu terminallar qeyri-qanuni yollarla ölkə xaricində aktivləşdirilib və Rusiya dronlarına quraşdırılıb. Nəticədə əvvəlcədən proqramlaşdırılmış marşrutlarla hərəkət edən dronlar real vaxt rejimində idarə olunmağa başlayıb, bu isə onların daha təhlükəli və çətin tutulmasına şərait yaradıb.
Ukraynanın etirazlarından sonra “SpaceX” problemi fərdi terminalların izlənməsi yolu ilə deyil, texniki məhdudiyyət tətbiq etməklə həll edib. Şirkət “Starlink” terminallarının təxminən 75 km/saatdan yüksək sürətlə hərəkət etdikdə internet bağlantısını kəsməsi mexanizmini aktivləşdirib. Bu isə orta hesabla 150 km/saatdan artıq sürətlə uçan Rusiya dronlarının əlaqəsinin uçuş zamanı kəsilməsinə səbəb olur.
Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin və rəsmi strukturlarının istifadə etdiyi terminallar xüsusi qeydiyyat və “ağ siyahı” sistemi ilə istisna edilib. Sanksiyalar altında olan Rusiya bu mexanizmə çıxış əldə edə bilmədiyindən, “Starlink”dən rəsmi istifadə imkanından kənarda qalır.
Bu qərardan sonra Rusiyada “Starlink”in “mülki infrastruktur” deyil, birbaşa müharibənin tərkib hissəsi olduğu iddiaları səsləndirilməyə başlanıb. Rusiya mediasında və bəzi rəsmi dairələrdə İlon Maskın və “SpaceX”in ABŞ-nin hərbi maraqlarına xidmət etdiyi iddia edilir.
Bu fonda daha təhlükəli ritorika da ortaya çıxıb. Bəzi rusiyalı şərhçilər və siyasətçilər kosmosda nüvə partlayışı yolu ilə peyk sistemlərinin sıradan çıxarılması ideyasını müzakirə etməyə başlayıblar. Məqsəd elektromaqnit impuls (EMP) vasitəsilə “Starlink” kimi peyk şəbəkələrinin elektronikasını zədələməkdir.
Mütəxəssislər bildirir ki, yüksək hündürlükdə nüvə partlayışının peyklərə zərər verməsi texniki baxımdan mümkündür. 1962-ci ildə həyata keçirilən “Starfish Prime” sınağı buna nümunə kimi göstərilir. Lakin “Starlink” minlərlə peykdən ibarət geniş şəbəkə olduğundan, onu tam sıradan çıxarmaq praktik olaraq mümkün deyil.
Bundan əlavə, belə addım Kosmos Müqaviləsi və Qismən Nüvə Sınaqları Qadağası Müqaviləsi kimi beynəlxalq sazişlərin açıq şəkildə pozulması deməkdir. Bu isə kosmosda nüvə eskalasiyası riskini artırmaqla yanaşı, qlobal rabitə, naviqasiya və meteoroloji sistemlər üçün ciddi təhlükə yarada bilər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top