“Nağd pulun sıradan çıxmasına cəmiyyət olaraq hazır olmalıyıq”


Son illərdə rəqəmsal ödəniş vasitələrinin sürətlə yayılması nağd puldan istifadənin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Gündəlik həyatın bir çox sahəsində rəqəmsal ödənişlər nağd pulun yerini tutmağa başlayıb. Marketlərdə, ictimai nəqliyyatda, kafe və restoranlarda, eləcə də bəzi taksi xidmətlərində ödənişlər artıq əsasən bank kartları və mobil tətbiqlər vasitəsilə həyata keçirilir. Hətta nağd ödənişin tələb olunduğu hallarda belə, vətəndaşlar “Kartdan karta köçürsəm olar?” sualını ünvanlayırlar.
Bu proses bir tərəfdən gündəlik həyatda rahatlıq yaratsa da, digər tərəfdən cəmiyyət üçün mühüm suallar doğurur: nağd pula ehtiyac olmayan bir dövrə doğru gedirikmi? Gələcəkdə kağız pullar tamamilə dövriyyədən çıxa bilərmi?
Yeniavaz.com bu suallara aydınlıq gətirmək üçün iqtisadçılara müraciət edib.

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov bildirib ki, rəqəmsal ödənişlərin inkişafı fonunda nağd pulun dövriyyədən çıxması uzunmüddətli perspektivdə qaçılmazdır:
“Rəqəmsal ödənişlərin sürətlə artması təkcə Azərbaycanda deyil, ümumilikdə bütün dünyada müşahidə olunur. Birmənalı şəkildə demək olar ki, bir gün nağd ödənişlər – istər metal, istərsə də kağız pul əsginasları – tamamilə sıfır səviyyəsinə enəcək və onların istifadəsi aradan qalxacaq. Mən düşünürəm ki, nağd pulun tamamilə sıfırlanması üçün hələ ən azı 30-40 il, bəlkə də 50 il və ya daha çox zaman tələb olunacaq. Hesab edirəm ki, nağd pulun tədricən sıradan çıxmasına cəmiyyət olaraq hazır olmalıyıq”.

Elçin Rəşidov

İqtisadçı Elçin Rəşidov isə qeyd edib ki, rəqəmsal ödənişlərin yayılması dünya üzrə nağd pul dövriyyəsini kəskin şəkildə azaldır:
“Dünya təcrübəsinə baxdıqda görürük ki, bəzi ölkələrdə bu göstərici lap sıfra yaxındır. Sıfıra nə qədər yaxın olması burada əhəmiyyətini itirir. 10-15 il əvvəl 50 faizdən düşüb, məsələn, 5 faizə. 5 faizdən aşağı – 3 faizə, 1 faizə, 0,1 faizə. Bəzi ölkələrdə 0,1 faizdən də aşağıdır. Şirkətlər, adamlar gündəlik B2B, B2C, C2C və s. məsələlərdə bir-birilərinə pul verəndə belə ödənişlər kart vasitəsilə həyata keçirilir”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top