
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhəri və regionlardakı küçə və prospektlərdə sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması üçün tender elan edib.
Yeniavaz.com xəbər verir ki, AYNA tenderin qalibi olacaq şirkətə 300 ədəd dayanacaq pavilyonunun quraşdırılmasına görə 3 milyon 654 min 73 manat 57 qəpik (ehtimal olunan qiymət) ödəməyi nəzərdə tutub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, əgər tender ehtimal olunan qiymət üzərindən baş tutarsa, bir ədəd dayanacaq pavilyonunun quraşdırılması orta hesabla 12 min 180 manata başa gələcək.
Qeyd edək ki, dayanacaq pavilyonlarının 142-si Bakı və Xızı-Abşeron ərazisində, 80-i Naxçıvan Muxtar Respublikasında quraşdırılacaq. Bunlardan başqa, 22 dayanacaq pavilyonu Quba–Xaçmaz və Dağlıq Şirvan bölgələrində, 11-i Mərkəzi Aranda, 11-i Lənkəran–Astara, 10-u Gəncə–Daşkəsən–Qazax, 10-u Şəki–Zaqatala, 8-i Qarabağ və Şərqi Zəngəzur, 6-sı isə Şirvan–Salyan və Mil–Muğan ərazilərində quraşdırılacaq.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz